30 İyun 13:59
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fransa prezidenti Putinin müharibə qərarını aylar və ya həftələr öncə verdiyini bilsəydi, fevralın 20-dəki telefon danışığında ona yalvarmazdı”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert bir neçə ay əvvəl Rusiya və Fransa prezidentləri arasında baş tutmuş telefon danışığına diqqət çəkib:

“Fransa nəşrlərindən biri Rusiyanın Ukryanaya hərbi müdaxiləsindən dörd gün əvvəl, yəni 20 fevralda iki ölkənin prezidentinin telefon danışığının stenoqramını yayıb. Telefon zənginin təşəbbüskarı Fransa Prezidenti Emmanuel Makron olub. O, telefon söhbətində rusiyalı həmkarı Vladimir Putini bölgədə gərginliyi azaltmağa və Kiyevlə danışıqları bərpa etməyə razı salmaq üçün az qala ona yalvarıb. Makron hətta Putinə söz verib ki, yaxın günlərdə onunla ABŞ Prezidenti Co Baydenin görüşünü təşkil etməyə hazırdır.

Putin telefon danışığı boyu Makrona yalançı vədlər verir, məsələn deyir ki, təlimlər bitdikdən sonra Ukrayna ilə sərhəddən Rusiya qoşunlarını geri çəkəcək, guya dialoqda maraqlıdır və s. Ancaq indi artıq bəllidir ki, Putin Makronla telefonla danışdığı gündən xeyli əvvəl Ukraynaya qarşı işğala başlayacağına qərar verib.

Makron Putinin belə bir qərarı verdiyini əvvəlcədən bilsəydi, Kreml sahibini uzun-uzadı niyə dilə tutmağa çalışsın? Deməli, Makrona ötürülən kəşfiyyat məlumatları yanlış olub. Elə buna görə Fransa kəşfiyyatının rəhbəri müharibədən sonra vəzifəsindən istefa verib. Fransa prezidenti Putinin müharibə qərarını aylar və ya həftələr öncə verdiyini bilsəydi, fevralın 20-dəki telefon danışığında ona yalvarmaz, əksinə mümkün müharibənin Rusiya və şəxsən Putin üçün ağır nəticələrinin olacağını diplomatik dildə izah edərdi”.


Müəllif: Mənsur Rəğbətoğlu