ABŞ administrasiyası əmindir ki, Rusiyanın “Cənub axını” qaz borusu layihəsindən imtina etməsi ölkə iqtisadiyyatının vəziyyəti və beynəlxalq sanksiyalar ilə bağlıdır.
Teleqraf.com-un “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Barak Obamanın milli təhlükəsizlik üzrə köməkçisi Syuzan Rays bildirib.
“Rusiya iqtisadiyyatında il ərzində problemlər yaşanır. Rublun kursu 37 faiz aşağı düşüb, ölkədən kapital axını artıb, Beynəlxalq Valyuta Fondu təsəlliverici olmayan proqnozlar verir”, deyə Rays bildirib. Onun sözlərinə görə, bunlar beynəlxalq sanksiyaların təsiri nəticəsində baş verib.
S.Rays Rusiyanın “Cənub axını”ndan imtina etməsini əhəmiyyətli hadisə adlandırıb: “Rusiya hökuməti tərəfindən həyata keçirilən bu mühüm layihə, çox güman ki, reallaşdırılmayacaq”, deyə o bildirib. Onun sözlərinə görə, bu Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə imkan yaradacaq.