Finlandiya polisi Baş nazir Sanna Marinin şikayət edilən parti videolarına qarşı tədbir görməyəcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Helsinki polisindən verilən açıqlamada Marinin videolardakı davranışı ilə bağlı üç şikayətin daxil olduğu və görüntülərin məzmunu ilə bağlı ilkin araşdırma aparıldığı bildirilib.
Müfəttiş Temu Yokinen videolarda heç bir cinayət davranışının olmadığını və buna görə də heç bir tədbir görülməyəcəyini deyib.
Baş nazir Marin Finlandiyanın Lati şəhərindəki çıxışında göz yaşlarını saxlaya bilməyib: “Bu, mənim həyatımda çətin bir həftə oldu. İnanmaq istəyirəm ki, insanlar boş vaxtlarımızda gördüyümüz işlərdən çox əsl fəaliyyətimzilə maraqlanırlar”.
Marin özünə yönələn tənqidlərə baxmayaraq həyat tərzini dəyişməyəcəyini söyləyib: “Ailəm, iş həyatım və dostlarımla keçirmək üçün boş vaxtım var. Əvvəllər necə idimsə, o insan olacam və ümid edirəm ki, bu, qəbul olunacaq”.
Baş nazir qeyd edib ki, indiyə qədər olduğu kimi işini davam etdirəcək.
Bundan əvvəl Sanna Marinin Finlandiyanın tanınmış simaları, o cümlədən deputat İlmari Nurminen və teleaparıcı Tinni Uikströmlə səmimi rəqs görüntüləri sosial şəbəkələrdə yayılıb. Sızdırılan görüntülərdə Marinin dostları ilə rəqs edib oxuması müzakirələrə səbəb olub. İttihamların artmasından sonra baş nazir narkotik testindən keçsə də, cavab mənfi çıxıb.