17 Sentyabr 2022 08:00
377
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikada təqaüddə olan ordu generalı Xose Rodriqes Peres həbs edilib.

Teleqraf.com xəbər verir ki, o, 2014-cü ildə Meksikanın İquala şəhərində 43 tələbənin yoxa çıxmasına görə saxlanılıb.

Bu barədə təhlükəsizlik nazirinin müavini Rikardo Mexiya açıqlama verib.

Nazir müavini İquala hadisələri baş verən zaman Rodriqesin 27-ci Piyada Batalyonunun komandiri olduğunu bildirib. O, Rodriqesə qarşı məhz hansı ittihamların irəli sürüldüyü barədə məlumat verməyib.

Hökumət katibliyinin nümayəndəsi Rodriqes Peresin general rütbəsi ilə təqaüdə çıxdığını təsdiqləyib.

Qeyd edək ki, itkin düşən tələbələr 2014-cü il sentyabrın 26-da yerli polis və federal hərbi qüvvələr tərəfindən oğurlanaraq qətl ediliblər. Tələbələr Ayotzinapa şəhəri yaxınlığındakı müəllimlər kollecindən Mexikoya gedirdilər. Onlar Tlatelolko qətliamının (1968-ci ildə baş verən Tlatelolko qətliamı zamanı hökumət qüvvələri Mexikoda 300-ə yaxın tələbə nümayişçini öldürüb) ildönümünü qeyd etmək niyyətində idilər. Lakin təyin olunan yerə gedib çıxa bilməyiblər.

Daha sonra güllələrdən deşik-deşik olan avtobuslar İqualanın küçələrində tapılıb. Sağ qalan və geri qayıdan tələbələrdən bəziləri onlara hərbçilərin atəş açdığını iddia ediblər. Lakin onların digər qırx üç tələbə yoldaşı tapılmayıb.

Meksika prezidenti Andres Manuel Lopez Obrador tərəfindən həqiqətlərin araşdırılması komissiyası yaradılıb. Komissiya itkin düşən tələbələrin “dövlət tərəfindən maliyyələşdirilən cinayətin” qurbanı olduğu barədə sensasiyalı hesabat yayımlayıb. Məlumata görə, bu qurbanlardan ən azı altısı əvvəlcə oğurlanıb, sonra isə Rodriqesin nəzarəti altında öldürülüb.

Altı tələbə dörd gün saxlanıldıqdan sonra polkovnik Xose Rodriqes Peresin əmri ilə öldürülüb.

Digərlərinin başına nə gəldiyi barədə isə açıqlama verilmir.


Müəllif: Teleqraf.com