Son günlər Türkiyəyə qarşı təxribatlarını artıran Yunanıstan Fransa ilə birgə təlimlərə başlayıb.
Teleqraf.com xəbər verir ki, Yunanıstan oktyabrın 1-dək Egey dənizində keçiriləcək təlimə donanmasındakı bütün döyüş gəmilərini cəlb edəcək.
Türk mətbuatı Yunanıstanın ABŞ və Fransa ilə imzaladığı müdafiə müqavilələrinə arxalanaraq Türkiyəyə əzələ göstərdiyini yazıb.
Fransa Türkiyənin Liviyada hərbi-siyasi varlığını gücləndirdikdən sonra açıq şəkildə Yunanıstanı dəstəkləməyə başlayıb. Avstraliya ilə birlikdə sualtı gəmi layihəsi ABŞ-a görə iflasa uğramasından sonra Fransanın Yunanıstana silah satmaqla itkisini kompensasiya etməyə çalışdığı da bildirilir.
ABŞ isə Yunanıstandakı hərbi qüvvələrin sayını artırması və yeni baza qurmasının Rusiyaya yönəlik olduğunu bildirsə də, Ankarada buna inanmırlar.
Yunanıstan Baş naziri Kiriakos Mitsotakis ötən günlərdə Türkiyəni belə hədələmişdi: “Qarşılarında təkcə Yunanıstan yox, həm də NATO müttəfiqlərimiz, eləcə də Avropa var”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə yunan baş nazirinə belə cavab vermişdi:
“Yunanıstana xatırlatmaq istərdik, özünüzə gəlin. Sizcə, Amerika və Avropanın dəstəyi sizi xilas edəcəkmi? Bu işə yaramayacaq”.