Rusiya qoşunları səhər saatlarında bir neçə istiqamətdə Ukrayna ərazisinə hücum ediblər.
Teleqraf.com-un xəbərinə görə, bu barədə Xarkov meri İqor Terexov məlumat verib.
Onun sözlərinə görə, şəhərdə bir neçə dəfə partlayış səsi eşidilib:
“Xarkov atəş altındadır, beş dəqiqə ərzində şəhərdə iki silsilə partlayış baş verib. İlkin məlumata görə, şəhərin sənaye müəssisələrindən birinin ərazisi hücuma məruz qalıb”.
Bölgənin hərbi idarəsinin rəisi Oleq Sinequbov da rus qüvvələrinin Xarkova hücum etdiyini bildirib. O, insanları sığınacaqlarda qalmağa çağırıb.
Dneprin də hücuma məruz qaldığı bildirilib.
Bundan əlavə, Zaporoje vilayətində partlayışlar və hava hücumu barədə məlumatlar var. Oxşar mesajlar Kiyev və Jitomirdən də gəlir. Rusların Dnepropetrovsk və Nikolayev vilayətlərinə də hücuma keçdiyi bildirilir.
Səhərin erkən saatlarından bütün ölkə ərazisində hava xəbərdarlığı elan edilib.