“Rusiya Avropa Birliyi ilə münasibətlərdəki böhrandan çıxış yollarını müzakirə etməyə hazırdır, amma istənilən təkliflərdə lokal vəziyyət nəzərə alınmalıdır”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Hazırkı böhrandan çıxış yollarını müzakirə etməyə açığıq. Bununla belə, hər hansı təkliflərin real vəziyyəti nəzərə alması və ölkəmiz üçün əlavə dəyər qazandırması vacibdir”, - diplomat bildirib.
Zaxarova hesab edir ki, AB-nin Rusiya ilə danışıqlara başlaması ABŞ-ın birlik ölkələrinə iqtisadi təzyiqləri ilə müşayiət olunacaq.
O, qeyd edib ki, Rusiya və Ukrayna arasında danışıqlara çağırışlarla bağlı AB-nin ritorikasındakı son dəyişikliklər bu istiqamətdə real səylərlə dəstəklənmir:
“Təəssüf ki, bu sadəcə ritorikadır. AB-nin bütün davranışları, o cümlədən Kiyev rejiminə proqram xarakterli hərbi yardım, gərginliyin azaldılması və siyasi həll yolunun axtarışına deyil, eskalasiyaya yönəlib”.
Zaxarovanın sözlərinə görə, davamlı olaraq Vaşinqtonu nəzərə almaq AB ölkələrinə öz vətəndaşlarının maraqlarını təmin etməyə yönəlmiş müstəqil xarici siyasət yürütməyə imkan vermir.
O iddia edir ki, sadə avropalılar aqressiv ritorikadan və Rusiyaya qarşı əsassız ittihamlardan beziblər:
“Ukraynada münaqişənin dayandırılması və AB-yə üzv ölkələrdə daxili sabitliyin təmin edilməsi tələbi artır. Yeni sanksiyalarla bağlı xəbərlər və ya Rusiyanı iqtisadi cəhətdən “cəzalandırmaq” üçün yeni çağırışlar artıq avropalıların özləri üçün daha qorxuncdur. İşlərindən və gələcək perspektivlərindən məhrum olan insanların yeganə çıxış yolu öz rəhbərlərinə özlərinə gəlmək tələbləri ilə müraciət etməkdir”.