Doqquz aya yaxındır davam edən müharibə Rusiya daxilində etirazlara səbəb olarkən, Prezident Vladimir Putinə yaxın simaların ölkədən qaçışı davam edir.
Teleqraf.com xəbər verir ki, İngiltərə mətbuatı bu dəfə Putinə ən yaxın şəxslərdən birinin, onun “xüsusi masajçı”sı adlandırılan Konstantin Qoloşçapovun Belarusa qaçdığını yazır.
Məlumata görə, Putin və Rusiyanın bəzi xüsusi sirlərini bildiyi güman edilən Qoloşçapov iyul ayında oğlunun avtomobili ilə ölkədən qaçıb. Bundan dörd gün sonra isə 29 yaşlı oğlu müəmmalı səbəblərdən ölü tapılıb.
67 yaşlı Qoloşçapovun ölkəni tərk etməsindən sonra Rusiya hakimiyyəti onun investisiya, su və elektrik şirkətlərindəki səhmləri ilə bağlı hərtərəfli araşdırmaya başlayıb. Mənbələr deyirlər ki, şirkətlərinə mənimsəmə ittihamı ilə basqın ediləcəyindən qorxan Qoloşçapovun Belarusa getdiyi güman edilir.
Qaçışı yenicə üzə çıxan Qoloşçapovun Putinin şəxsi sirlərini bilən azsaylı insanlardan biri olduğuna diqqət çəkilir. Milyarder iş adamının bildiyi çox özəl məlumatlara görə qorxudan qaçdığı və oğlunun ölümünün də bununla bağlı ola biləcəyi iddia edilir.