Ukraynanın İsrail əleyhinə olan BMT qətnaməsinin lehinə səs verməsi ilə əlaqədar Kiyevin bu ölkədəki səfiri Yevgeni Korniyçuk İsrail Xarici İşlər Nazirliyinə çağırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail XİN-in bəyanatında bildirilib.
Qeyd olunub ki, söhbət zamanı İsrailin Ukraynanın mövqeyi ilə bağlı narahatlığı səfirin diqqətinə çatdırılıb.
“Səfirə açıq şəkildə bildirilib ki, bu davranış dostluq davranışını təcəssüm etdirmir”, - bəyanatda bildirilib.
Ukraynanın İsraildəki səfirliyinin “Facebook” hesabında isə qeyd olunub ki, səfir Rusiyanın Ukraynaya təzminat ödəməsi ilə bağlı BMT Baş Assambleyasında keçirilən səsvermə zamanı nümayəndəsi iştirak etməyən İsrailin mövqeyindən məyusluğunu bildirib.
Qeyd edək ki, sözügedən qətnamədə İsrailin İordan çayının qərb sahilini işğal etməsi ilə bağlı beynəlxalq təhqiqatın açılmasını nəzərdə tutulur. Səsə qoyulan qətnamənin 98 ölkə lehinə, 17 ölkə isə əleyhinə səs verib, 52 ölkə bitərəf qalıb.