7 Dekabr 2022 14:16
1 163
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibinin birinci müavini Uendi Şerman Hind-Sakit okean bölgəsiylə bağlı keçirilən seminarda bildirib ki, Vaşinqton Pekinin Tayvana qarşı hərbi əməliyyata başlaması ehtimalını istisna etmir. Şerman bunun baş verməməsi üçün ABŞ administrasiyasının bütün imkanlardan istifadə etdiyini deyib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində deyilir.

Vaşinqton niyə hesab edir ki, Pekin Tayvana müdaxilə edə bilər?

Mərkəzin ekspertlərinin fikrincə, ABŞ bunu Çin lideri Si Cinpinin Kommunist Partiyasının son qurultayındakı çıxışı ilə əlaqələndirir:

“Cinpin çıxışında bildirmişdi ki, Tayvanı Çinə birləşdirmək istəyir: “Biz bu məsələni danışıqlar yolu ilə həll etməyə çalışırıq. Ancaq danışıqlar nəticə verməsə, hərbi gücdən də istifadə edə bilərik”.

Cinpinin məhz con cümləsi Vaşinqtonda Pekinin Tayvana qarşı hərbi əməliyyata başlaya biləcəyi fikrini formalaşdırıb.

ABŞ rəsmiləri və diplomatları son vaxtlar çinli həmkarlarıyla dialoqu genişləndirib. Məqsəd Pekini hərbi əməliyyata başlamaq fikrindən daşındırmaqdır. Vaşinqton digər tərəfdən Tayvanın hərbi potensialını da artırmaq siyasəti yürüdür ki, müharibənin başlayacağı təqdirdə ada özünü qoruya bilsin. Bəzi amerikalı ekspertlər müharibənin başlayacağı təqdirdə ABŞ-ın birbaşa savaşda iştirak etməyəcəyi qənaətindədir. Bu, bir növ Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə bənzəyəcək.

ABŞ birbaşa müharibədə iştirak etmir, ancaq Ukraynaya maliyyə və hərbi yardım göndərir, Ukrayna ordusunun imkanlarını artırır. Vaşinqton Ukrayna üçün etdiklərini Tayvan üçün də edəcək”.

Təhlildə Çindən ABŞ-a yönəlik son ittihama da diqqət çəkilir:

“Çin Xarici İşlər Nazirliyi ABŞ-ı dünyada xaos yaratmaqda ittiham edib. Pekin hesab edir ki, ABŞ məqsədinə çatmaq üçün siyasi təhdiddən, iqtisadi sanksiyalardan və texnolgiyaların yayılmasının qarşısının alınması üsullarından istifadə edir. XİN buna misal kimi Suriya və İraqı göstərib. Pekinin mövqeyi belədir ki, Vaşinqton bu üsullarla beynəlxalq və regional təhlükəsizliyə zərər verir. XİN Vaşinqtonu Çinə qarşı təhdidlərdən əl çəkməyə çağırıb.

Vaşinqton Pekinin bu ittihamını nəzərə almayacaq. Vaşinqton hədəflərini müəyyənləşdirib və ilk sırada Çin dayanır. Bir neçə il əvvəl ABŞ üçün əsas təhdid beynəlxalq terrorrizm idi. Bu təhlükə yox olmasa da, zəifləyib. Ona görə də Vaşinqton üçün təhdidlər sırasında Çin beynəlxalq terrorizmdən də önə keçib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər