Rusiya Qərbin sərt sanksiyaları fonunda müxtəlif dövlətlərlə ticarətdə dollardan imtina etməyə çalışır. Bu ölkələrdən biri də Hindistandır. Ancaq Rusiyanın Hindistanla ticarətində dollardan rupiyə keçidin riskləri var.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlində deyilir.
Mərkəzin ekspertləri hind valyutasının dollara nisbətdə 10 faiz ucuzlaşmasına diqqət çəkirlər:
“Rusiya Hindistana daha çox ixrac edir, bu ölkədən isə idxalı azdır. Bu o deməkdir ki, Rusiyaya daha çox rupi daxil olacaq. Rusiya bu pulla nə edəcək? İki ölkə arasında ticarəti balanslaşdırmaq çətindir.
Buna baxmayaraq, Rusiya bankları Hindistan banklarında rupi ilə hesablar açıblar. Rusiya Hindistana neft satışını artırıb. Rusiya Qərb ölkələrinə neft sata bilmədiyinə görə Hindistana nefti aşağı qiymətə satır. Hindistan iqtisadi baxımdan dünyanın sürətlə inkişaf edən ölkələrindəndir. Hindistanın neftə ehtiyacı artıb.
Hindistan Rusiya ilə yanaşı, Səudiyyə Ərəbistanı, İraq və ABŞ-dan da neft alır. Rusiya Hindistana neft satışında bu ölkələri qabaqlamağa çalışır. Məsələn, bu ilin noyabr ayında Rusiyanın xarici ölkələrə satdığı neftin 40 faizi Hindistanın payına düşüb. Rusiya neftinin 15 faizi Türkiyəyə, 5 faizi Çinə satılıb.
Rusiyalı iqtisadi ekspertlər Hindistana daha çox neft satışının riskləri barədə fikirlər səsləndirirlər. Ticarət mübadiləsində rupiyə keçid Rusiya üçün profisit yaradır. Rusiyanın Hindistana ixracı bu ölkədən idxalı 10 dəfə üstələyir. 2021-ci ildə Rusiya ilə Hindistan arasında ticarət mübadiləsinin həcmi 13.5 milyard dollar olub. Bu il rəqəm daha da artıb. Rusiya Hindistana daha çox neft satmaq üçün bu ölkə ilə birgə tanker istehsalı təklif edib”.
Təhlildə vurğulanır ki, Rusiya xarici işlər naziri Sergey Lavrov hind həmkarı Subramayan Çayşanxarla Moskvada son görüşündə iki ölkə arasında ticarət mübadiləsinin 30 milyard dollara çatdırılmasının vacibliyini bildirib:
“Moskva Dehli ilə hərbi-texniki sahədə də əməkdaşlığını genişləndirməyə çalışır.
Buna baxmayaraq, Dehli Rusiyanın Ukraynada apardığı işğalçı müharibədən narahatdır. Məlumata görə, Hindistan Baş naziri Nadendra Modi Rusiya Prezidenti Vladimir Putinlə görüşünü təxirə salıb.
“Blumberq” agentliyinə görə, görüşün təxirə salınmasına səbəb Ukraynadakı müharibə ilə əlaqəlidir. Dehli rusiyalı rəsmilərin nüvə silahından istifadə ilə bağlı açıqlamalarından narazıdır. Bu səbəbdən Rusiya-Hindistan sammiti baş tutmayıb”.