Yunanıstan Belarusdan bu ölkəyə aviasiya uçuşları üçün öz hava məkanını bağlayıb və Belarusa uçuşları da qadağan edib.
Teleqraf.com xəbər verir ki, bu haqda qərarın fotosunu Yunanıstan Mülki Aviasiya İdarəsi paylaşıb.
Sənəddə deyilir ki, Yunanıstana aid aviadaşıyıcılar və təyyarə kapitanları təhlükəsiz uçuşu təmin etmək üçün Belarus hava məkanından istifadə zəruri hesab edilmədiyi halda həmin regiona uçmamalıdır.
Həmçinin Avropa İttifaqına uçan xarici aviadaşıyıcılara Belarus hava məkanına daxil olmamaq tövsiyə olunur (21 dekabr 2022-ci il saat 08:14-dən 21 mart 2023-cü il saat 23:59-a qədər etibarlıdır).
İdarə onu da əlavə edib ki, Belarusa məxsus aviadaşıyıcılar tərəfindən idarə olunan təyyarələrin eyni müddət ərzində Yunanıstan Respublikasının ərazisinə enməsi, havaya qalxması və ya onun üzərindən uçması qadağandır. Bu qərar yalnız fövqəladə hallar, humanitar və tibbi məqsədli uçuşlar həyata keçirən təyyarələr üçün istisna edilir.
Yunanıstanın Mülki Aviasiya İdarəsinin bu addımı atması Belarusun Ukraynadakı hərbi əməliyyatlarda mümkün iştirakı ilə bağlı artan narahatlıqla bağlıdır.