1 Fevral 2023 09:50
1 628
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveç Baş naziri Ulf Kristersson PKK/YPG terror təşkilatı tərəfdarlarının Türkiyəyə qarşı təxribatçı aksiyaları, Quranın yandırılması və ölkəsinin NATO-ya üzvlük prosesi ilə bağlı açıqlamalar verib.

Teleqraf.com xəbər verir ki, baş nazir son bir neçə həftə ərzində Stokholmda baş verənlərin İsveçin təhlükəsizliyini çətinləşdirdiyini deyib.

“Prezident Ərdoğana bənzədilmiş oyuncağın ayağından asıldığını, daha sonra Türkiyənin Stokholmdakı səfirliyinin qarşısında Quranın yandırıldığını gördük. Son bir neçə həftə ərzində İsveçdə qanuni olmasına baxmayaraq, kiçik qruplar və fərdlərin hərəkətləri dezinformasiya kampaniyasına çevrilib. Baş verənlər İsveçi islamafobiya ölkəsi kimi göstərir. Bunun İsveçin dünyadakı imicinə və isveçlilərin xaricdəki təhlükəsizliyinə necə riskli və böyük nəticələr verə biləcəyini gördük”, - Kristersson bildirib.

Baş nazir bu davranışların İsveçin əleyhdarlarına fayda verdiyini söyləyərək, bunları edənləri “istifadə edilən axmaqlar” adlandırıb.

Kristersson İsveçin NATO üzvlüyü üçün müraciətlərinin vacib olduğunu vurğulayıb:

“İsveç İkinci Dünya Müharibəsindən sonra ciddi təhlükəsizlik riskləri ilə üzləşib. Tərəflərin NATO ilə bağlı fikirləri fərqlidir. İsveçin müraciətinin 28 NATO ölkəsi tərəfindən təsdiqlənməsi ilə daha təhlükəsiz olduq, amma hələlik NATO üzvü olmadığımızı da gözardı etməməliyik”.

Kristersson ölkəsinin NATO-ya üzvlük prosesini müzakirə etmək üçün bu həftə ABŞ-a gedəcəyini də açıqlayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bundan əvvəl terror təşkilatlarına dəstək verən, Quranın yandırılması kimi təxribatlara imkan yaradan İsveçin NATO-ya üzvlüyünü dəstəkləməyəcəyini demişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər