Ukrayna iddia edir ki, Rusiya lideri Vladimir Putin müharibənin başladığı tarixdə - fevralın 24-də şimaldan, cənubdan və şərqdən eyni vaxtda kütləvi hücum planlaşdırır.
Teleqraf.com xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov müharibənin ən qanlı mərhələsinin hələ qabaqda olduğu xəbərdarlığını edib və döyüşlərin bu ay maksimum səviyyəyə çatacağını deyib.
Danilov Putinin fevralın 24-də Ukraynaya şimal, cənub və şərqdən eyni vaxtda hücum planlaşdırdığını və buna uyğun olaraq rus ordusuna təlim keçildiyini iddia edib.
Rusiyanın Belarusun cənubu, Krımın şimalı və Donbasın şərqindəki qüvvələri ilə Kiyevi mühasirəyə almaq üçün böyük hücuma keçəcəyi gözlənilir.
Danilov deyib ki, Rusiya Ukraynaya qarşı üç tərəfdən hücuma fevralın 24-də - müharibənin ildönümündə başlaya bilər: “Hər şeyin masada olduğunu anlayırıq”.
Ukrayna Silahlı Qüvvələrinin ali baş komandanı Valeri Zalujnı bundan əvvəl bildirmişdi ki, Rusiya şərq, cənub və Belarus sərhədi boyunca hücumlara hazırlaşmaq üçün 200 minlik yeni qüvvə hazırlayıb.