İzmir Universitetinin Zəlzələ Araşdırmaları Mərkəzinin rəhbəri, professor Həsən Sözbilir Kahramanmaraşda baş verən şiddətli (7.4 bal) zəlzələ ilə bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, professor Türkiyənin son 100 ildə ikinci ən böyük zəlzələni yaşadığını deyib.
Elm adamı təbii fəlakətin baş verdiyi ərazilərdə 500 ildir stressin yığıldığını söyləyib:
“İlk zəlzələ 1939-cu ildə Ərzincanda 7.9 bal gücündə olub. Həmin gün baş verən zəlzələdə 52 saniyədə 33 min insan həyatını itirib. Dünən baş verən 7.4 bal gücündə zəlzələ Şərqi Anadolu fay xəttinin cənub qollarında, Malatya ilə Hatay arasındakı fay xətlərin qopması nəticəsində baş vermiş olmalıdır. Görüntülər göstərir ki, bu xətt boyunca bir çox yerlərdə səth qırılmaları var.
Zəlzələnin inkişaf etdiyi Şərqi Anadolu fay xətti Türkiyənin ikinci böyük fayıdır. Bu qırılma boyunca sonuncu zəlzələ 2 il əvvəl mərkəzi Elazığ-Sivricədə 6.8 bal gücündə baş verib. Zəlzələ bölgəsində 500 ildir stress toplayan fay xətləri qırılıb. Bu qırılmaların zəlzələ generasiya intervalı 400-500 il olduğu üçün elmi olaraq bu faylarda zəlzələlər gözlənilirdi”.