Avropa İttifaqında (Aİ) dizel yanacağının qiyməti 1,6% düşüb ki, bu da son iki həftə ərzində 20% ucuzlaşma deməkdir.
Teleqraf.com xəbər verir ki, Rusiyanın enerji qadağası öz bəhrəsini verməyə başlamazdan əvvəl ölkələrin ehtiyatlarını toplamaq səyləri sözünü deməyə başlayıb.
Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatına görə, Avropa İttifaqında yük maşınlarının təxminən 96%-i, furqonların 91%-i və minik avtomobillərinin 42%-i bu yanacaqla işləyir.
“Qadağanın tətbiqindən sonra Avropaya dizel yanacağının tədarükü azalacağı güman edilirdi, lakin reallıqda bu, hazırda baş vermir”, - “Vod Makenze” konsaltinq şirkətinin tədqiqat direktoru Mark Uilyams bildirib.
Analitiklər azalmanın səbəbini qismən dizel yanacağının həm də istilik yanacağı kimi istifadə edildiyi regionda havaların adi haldan daha isti keçməsi və qiymətlərin baha olması ilə əlaqələndiriblər. Son düşüşə baxmayaraq, topdansatış qiymətləri hələ də ötənilki səviyyədən 10% yuxarıdır.
Qeyd edək ki, 2022-ci il may ayının sonunda Aİ ölkələrinin liderləri Rusiya neftinin ixracına qadağa qoyulması barədə razılığa gəliblər. 2022-ci il dekabrın 3-də Aİ Şurası Rusiyadan ixrac olunan neftin tavan qiymətinin bir barel üçün 60 dollar müəyyən edilməsi barədə qərar qəbul edib. 5 dekabr 2022-ci ildə Aİ-nin Rusiyaya qarşı neft sanksiyaları qüvvəyə minib.
Qiymət tavanı o deməkdir ki, dekabrın 5-dən etibarən 27 Aİ ölkəsi, Böyük Britaniya, ABŞ, Kanada, Yaponiya və Avstraliya Rusiya tanker nefti ilə bağlı xidmətlər yalnız müəyyən edilmiş qiymət həddinə və ya ondan aşağı alındığı təqdirdə göstəriləcək. Barreli 60 dollardan baha olan xammalın daşınması və sığortalanması qadağandır. Söhbət yalnız dəniz yolu ilə daşınmalardan gedir, qadağa boru kəməri neftinə şamil edilmir.