Ukrayna ordusu son sutkada iki rus qırıcısını vurub, həmçinin düşmənin cəmləşdiyi 20-dən çox əraziyə hücum edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının səhər hesabatında bildirilib.
Baş Qərargahın məlumatında deyilib ki, son sutka ərzində Ukrayna aviasiyası rusların cəmləşdiyi ərazilərə 15 zərbə endirib:
"Müdafiəçilərimiz həmçinin düşmənin iki təyyarəsini - Su-24M və Su-25-i vurublar. Bundan əlavə, raket və artilleriya bölmələri komanda məntəqəsini, 7 canlı qüvvənin cəmləşdiyi ərazini, 2 elektron döyüş məntəqəsini və rusların silah-sursat anbarını vurub.
Rusiya Federasiyası tərəfindən bütün Ukrayna ərazisinə zərbə təhlükəsi yüksək olaraq qalır. Eyni zamanda, hava hücumundan müdafiə sistemimiz daim gücləndirilir".
Qeyd edək ki, ötən gün düşmən Ukrayna ərazisinə 2 raket və 32 hava zərbəsi endirib, çoxsaylı reaktiv yaylım atəş sistemlərindən 55 hücum həyata keçirib. Düşmən digər silah növlərindən də atəş açıb.