20 Fevral 2023 13:54
4 678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransalı seysmoloq və geofizik Ksave Le Pişon Türkiyədə yeni zəlzələ ehtimalları barədə danışıb.

Teleqraf.com xəbər verir ki, 20 ildən artıqdır Türkiyədə zəlzələ aktivliyi və baş verə biləcək zəlzələlər üzərində çalışdığını bildirən Le Pişon Türkiyənin seysmik cəhətdən fəal ölkə olduğunu deyib.

Eyni zamanda, seysmoloq Türkiyənin geoloji cəhətdən formalaşma mərhələsində olan bir ölkə olduğunu, bunun da gələcəkdə baş verə biləcək zəlzələlərə hazırlıqlı olmanın önəmini artırdığını söyləyib.

Le Pişon Türkiyənin şimal və şərqində iki böyük qırılma xəttinin (fay xətti) olduğunu qeyd edib:

“Şərqi Anadolu plitəsində ilk 7.7 bal gücündə zəlzələ şimalda Anadolu plitəsi ilə cənubda Ərəbistan plitəsi arasında baş verib. Anadolu təxminən 4 metr qərbə doğru sürüşüb. Bu nə deməkdir? Bu o deməkdir ki, fayın 4 metr hərəkət etməsi üçün enerji toplaması üçün 500 il lazımdır. 1513-cü ildə də Pazarcıkda (Kahramanmaraş) zəlzələ olub. Başqa sözlə desək, fay qırıldığı zaman bu böyük hərəkət üçün lazım olan enerjinin elastik şəkildə toplandığını və 500 il sonra baş verməli olan zəlzələnin baş verdiyini söyləmək olar. Gözlənilən də bu idi. Yəni bu zəlzələlərlə bütün enerji boşaldı”.

Le Pişon Elbistan və ya Ekinözüdə baş verən ikinci zəlzələnin maraqlı və təəccüblü olduğunu, 7.6 bal gücündə zəlzələnin 10 metrlik hərəkətə səbəb olduğunu bildirib:

“Bu çox ciddi sürüşmədir. Bu, çox böyük olmayan uzunluqda baş verdi. İlk zəlzələ qərbdə başlayıb, şərqə yayılıb. İkinci zəlzələdə isə mərkəzdə başlayan yayılma eyni anda hər iki tərəfə yayılıb. Bu fay xətti çox yavaş enerji toplayıb və bu o deməkdir ki, birinci zəlzələnin yaratdığı stress ikinci zəlzələni tətikləyib. İkinci zəlzələ isə tamamilə gözlənilməz oldu. Burada zəlzələ olacağını demək mümkün deyildi. Bu, mümkünsüz idi”.

Le Pişon hər iki şiddətli zəlzələdən sonra müəyyən təsbitlərinin olduğunu söyləyib: “Gələcək üçün deyə bilərəm ki, bu faylar üzərində rahat ola bilərsiniz. Təbii ki, bu dalğa qərbdən şərqə yayıla bilər. Kiçik zəlzələlərlə qarşılaşsanız belə, bir neçə əsr rahat ola bilərsiniz. Amma yenə də unutmamalıyıq ki, unuduruq. Həmişə etdiyi kimi edirik, eyni yerdə eyni binaları tikirik”.

Seysmoloq İstanbulda baş verə biləcək zəlzələlərlə bağlı proqnozlarını da bölüşüb.

Elm adamı İstanbulun da önəmli bir fay xəttinə yaxın olduğunu vurğulayıb:

“İstanbulun müxtəlif əraziləri zəlzələdən fərqli şəkildə təsirlənəcək. Bu mövzuda çoxlu sayda türk tədqiqatçıları, eləcə də Çin araşdırmaları var. Əsas odur ki, binaların inşası qaydaları bu təxminlərə uyğun olsun, qaydalara əməl olunsun”.

Le Pişon təxminlərinə belə davam edib:

“Mərmərədə 7.6 baldan yuxarı tək bir zəlzələ olacağını düşünürəm. Əlbəttə, həmkarlarımın heç də hamısı belə düşünmür, 2-3 zəlzələnin olacağını düşünürlər. Tarix kimin haqlı olduğunu göstərəcək. Bölgədəki plitələrin necə inkişaf etdiyinə baxıram. Gördüyüm budur ki, Mərmərədə fay bütün hərəkətləri bir anda müəyyən uzunluqda edəcək”.

Le Pişon Kahramanmaraşdakı zəlzələlərdən sonra gündəmə gələn “süni zəlzələ” müzakirələrinə də toxunub:

“Siz süni şəkildə zəlzələ yarada bilməzsiniz. Edə biləcəyiniz yeganə şey baş verəcək zəlzələni sürətləndirmək üçün nəsə hazırlamaqdır. Bunu fay xəttinə su vurmaqla və ya qazmaqla edə bilərsiniz. Fay xəttinə su vurmaqla, oradakı müqaviməti aşağı salırsınız. Amma buna heç kim cəsarət edə bilməyib. Süni zəlzələlər yaraymaq mümkün deyil, belə bir şey yoxdur. Siz sadəcə mümkün zəlzələnin daha tez başlamasına cəhd edə bilərsiniz, amma süni zəlzələ yarada bilməzsiniz”.


Müəllif: Mənsur Rəğbətoğlu