Yaponiyada Əsas İstehlak Qiymətləri İndeksi (CPI) enerji və xammal xərclərinin artması səbəbindən 2023-cü ilin yanvar ayında əvvəlki ilin eyni ayına nisbətən 4,2 faiz artıb.
Teleqraf.com xəbər verir ki, Daxili İşlər və Rabitə Nazirliyinin açıqladığı məlumatlara görə, dəyişkən təzə qida məhsulları istisna olmaqla, Yaponiyada inflyasiya yüksəlməkdə davam edir.
İstehlak vergisi artımlarının təsiri nəzərə alınmasa, bu nisbət Yaponiyada son 41 ildə qeydə alınan ən yüksək inflyasiya səviyyəsi olaraq önə çıxıb.
2023-cü ilin yanvar ayı üçün açıqlanan məlumatlara görə, Yaponiyada ərzaq qiymətləri 7,4 faiz, şəhərlərdə təbii qaz qiymətləri 35,2 faiz, elektrik enerjisi qiymətləri isə 20,2 faiz artıb.
İnflyasiyanın artmasının səbəbləri arasında enerji və xammal xərcləri ilə yanaşı, yapon yeninin valyuta məzənnələrinə nisbətdə fasilələrlə ucuzlaşması göstərilir.