Mali Baş naziri Çoqel Kokalla Mayqa Fransanı qoşunlarını ölkədən çıxarmağa məcbur etmədiklərini bildirib.
Teleqraf.com xəbər verir ki, baş nazir Fransa ilə əməkdaşlıqdan geri çəkilmədiklərini, bu ölkənin onlara nə edəcəyi, düşünəcəyi və deyəcəyi ilə bağlı qərar verən tərəf olma səylərinin Parisin Malini tərk etməsinə səbəb olduğunu vurğulayıb.
Mayqa Fransaya insanlara nəyisə sırımaq dövrünün bitdiyini və bu zamanın çoxdan geridə qaldığını, münasibətləri bitirməyin Parisin seçimi olduğunu çatdırdıqlarını deyib.
Fransa ayrılmaq qərarına gəldikdə, baş nazir söyləyib: “Bu, sizin seçiminizdir. Bir məqamı təsdiqləmək istəyirəm ki, ayrılmaq istəyənlər onlar idi və bizim onlara qalmaları üçün yalvaracağımızı düşündülər”.
2021-ci ildə Malidə baş verən çevrilişdən sonra hərbi xunta Rusiya ilə münasibətləri tədricən gücləndirib. Rusiya ilə münasibətlərin inkişafı nəticəsində Malidə “Vaqner”in muzdlular yerləşdirilib.
Fransa Rusiya və “Vaqner”in varlığını əsas gətirərək bu ölkəni tərk etmək qərarına gəldiyini açıqlayıb və bir müddət sonra hərbçilərini ölkədən çıxarıb.
Malidəki xunta rejimi bundan əvvəl Fransa Prezidenti Emmanuel Makronu müstəmləkəçilik siyasətindən əl çəkməyə çağırmışdı.
Mali bir çox digər Qərbi Afrika ölkələri kimi, XIX əsrdən Fransa tərəfindən istismar edilirdi. XX əsrin ortalarına qədər Fransanın müstəmləkəsi olaraq qalan ölkə 1960-cı ildə müstəqilliyini elan etsə də, sonrakı illərdə bölgədəki digər dövlətlərin taleyini bölüşüb.
1960-cı ildən sonra çevrilişlər və daxili problemlərlə keçən illərdə Malidə Fransanın təsiri heç vaxt azalmamışdı. 1990-cı illər demokratik atmosferdə keçsə də, bəzilərinə görə, Fransa Malini pərdə arxasından idarə etməyə davam edirdi.