Ukrayna ordusu son sutka ərzində Rusiya qüvvələrinin 5 istiqamətdə 100-dən çox hücumunu dəf edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.
“Ciddi itkilərə baxmayaraq, düşmən Liman, Baxmut, Avdiv, Marin və Şaxtyor ərazilərində hücum əməliyyatlarını davam etdirir. Ötən sutka ərzində müdafiə qüvvələrinin bölmələri göstərilən ərazilərdə düşmənin 100-dən çox hücumunu dəf edib”, - məlumatda deyilir.
Rusiya ordusu Baxmut şəhərini tutmaq cəhdlərini dayandırmır. Ukrayna hərbi qüvvələri Vasyukivka, Minkivka, Orixovo-Vasilivka, Dubovo-Vasilivka, Baxmut, Xrıqorivka və İvanivsk qəsəbələri ərazilərində düşmənin hücumlarını dəf edib.
Rusiya qoşunları Avdiv, Marin və Şaxtyor istiqamətlərində uğursuz hücum əməliyyatları həyata keçirib.
Ruslar Kupyan və Liman istiqamətlərində Ukrayna qoşunlarının müdafiəsini yarmağa çalışır. Dvoriçna, Qryanikivka, Nev, Çervopopivka, Kreminna, Dibrova, Biloqorivka və Berestov qəsəbələrinə hücumları uğursuzluqla nəticələnib.
Rus qüvvələri Zaporoje və Xerson istiqamətlərində müdafiə əməliyyatları aparır.