Rusiya qüvvələrinin Belarusdakı poliqonlarında təlimi davam edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Volın, Polis, Siver və Slobojan istiqamətlərində əməliyyat şəraiti ciddi dəyişməyib, düşmənin hücum qruplarının formalaşması aşkar edilməyib. Belarusun poliqonlarında Rusiya işğalçı qüvvələrinin bölmələri təlim keçir”, - məlumatda deyilir.
Rus ordusu son sutka ərzində Çerniqov vilayətində 4, Sumı vilayətində 7, həmçinin Xarkov vilayətində 20-dən çox yaşayış məntəqəsinin ərazisini atəşə tutub.
Ruslar Kupyan və Limansk istiqamətlərində Ukrayna qoşunlarının müdafiəsini yarmağa çalışır. Amma Xryanikivka, Kreminna, Kuzmina, Verxnokamyansk və Spirneyə hücumları uğursuz olub.
Baş Qərargah onu da vurğulayır ki, ruslar Baxmut şəhərini zəbt etmək səylərindən vaz keçmirlər. Orixovo-Vasilivka, Baxmut, İvanovsk və Qriqorivka yaşayış məntəqələri ərazilərində rus qüvvələrinin çoxsaylı hücumları dəf edilib.
Rus qoşunları Avdiv, Marin və Şaxtyor istiqamətlərində də uğursuz hücum əməliyyatları keçirib. Ötən gün rusların ən çox hücumu Marin istiqamətində qeydə alınıb, 12 cəhd dəf edilib.