20 Mart 2023 19:05
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada Emmanuel Makron hökumətinin pensiya yaşını 62-dən 64-ə qaldırmaq addımı ölkədə xaosa səbəb olub.

Teleqraf.com xəbər verir ki, martın 16-dan bəri davam edən nümayişlərdə minlərlə insan qanunun geri götürülməsini tələb edir.

İri şəhərləri qarşıdurma meydanlarına çevrilən ölkədə yeni həftənin başlaması ilə gözlər parlamentdə olacaq. Parlamentdə müxalifət partiyalarının hökumətə etimad məsələsi müzakirə olunacaq.

Parlamentdə yetərli çoxluğa sahib olmayan hökumətin iqtidardan uzaqlaşdırılma ehtimalı var.

Ötən həftənin sonu keçirilən sorğuya qatılan fransızların 68 faizi etimadsızlıq tələbinin qəbul edilməsinin lazım olduğu fikrini bildirib. O da qeyd olunur ki, müxalifət partiyalarının etimadsızlıq səsverməsi ölkədə dərin siyasi böhranın başlanğıcı ola bilər.

Prezident Emmanuel Makrona qarşı artan qəzəb, onu ikinci müddətə dəstəkləyənlərin geri çəkilməsi, radikal sağçı partiyaların həll ünvanı kimi görünməsi ölkədə siyasi mənzərənin dəyişə biləcəyindən xəbər verir.

Siyasi müşahidəçilər yaxın gələcəkdə Makron hökumətinin əvəzinə radikal sağçı komandanın hakimiyyətə gəlməsini həm ölkə, həm də Avropa üçün təhlükəli prosesin başlanğıcı kimi qiymətləndirirlər.

Bütün bu məsələlər müzakirə olunarkən, pensiya islahatına sərt təpki verən həmkarlar ittifaqları Makron hökumətinə qarşı mübarizəni genişləndirməyə hazırlaşır. Bu kontekstdə həmkarlar ittifaqları martın 23-də ümumxalq tətili keçirməyə çağırıblar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər