Çin lideri Si Cinpin iki günlük Moskva səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinlə Rusiya-Ukrayna müharibəsini müzakirə etmişdi. Bundan əvvəl isə Çin lideri müharibənin dayandırılması üçün 12 maddəlik təkliflərini irəli sürmüşdü. Pekin Rusiya və Ukrayna arasında vasitəçi olmaq istəyir. Buna görə də Cinpinin Moskva səfərindən sonra “Çin lideri Moskvadan sonra Kiyevə də gedib Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcəkmi” sualı aktuallaşdı.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin təhlilində deyilir.
Mərkəzin ekspertləri deyirlər ki, Ukrayna prezidenti Pekinin vasitəçilik təşəbbüslərini rədd etməyib, sadəcə Cinpinlə üzbəüz görüşüb fikir mübadiləsi aparmaq istəyir:
“Zelenski Cinpini Kiyevə dəvət edib. Pekindən cavab yoxdur. Zelenskinin sonuncu dəfə Çin lideri ilə təması müharibədən əvvəl olub. Müharibə başlayandan sonra liderlər görüşməyib və danışmayıblar.
Çin lideri niyə Kiyevə getmək istəmir?
Birincisi, Si Cinpin Moskva ilə siyasi-iqtisadi zəmində strateji tərəfdaşlığı genişləndirməkdə maraqlıdır. Kiyevə gedib Ukrayna prezidenti ilə görüşməklə Putinlə tərəfdaşlığına kölgə salmaq istəmir. Pekin Rusiyadan ucuz neft-qaz almaqda maraqlıdır.
İkincisi, Pekin Zelenskini Vaşinqtonun müttəfiqi sayır. Pekində hesab edirlər ki, Zelenski Vaşinqtonun təlimatları əsasında hərəkət edir. Cinpin bu səbəbdən də Kiyevə gedib Zelenski ilə görüşmək istəmir.
Cinpin Zelenski ilə görüşmədən Rusiya ilə Ukrayna arasında vasitəçi ola bilməyəcək. Əslində, Pekin vasitəçi olmaq da istəmir, sadəcə Cinpin Qərbin Çinə qarşı artan təzyiqlərindən qurtulmaq üçün özünü “sülhdə maraqlı olan tərəf” kimi göstərmək istəyir. Ancaq bu alınmır. Pekinin vasitəçiliyinin Rusiyanın xeyrinə olduğunu hamı anlayır. Məsələn, Cinpin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirsə də, “Rusiyanın müharibəyə başlama səbəblərini anlayırıq” fikrini bir neçə dəfə səsləndirib. Yəni Cinpin demək istəyib ki, Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başlamaqla beynəlxalq hüququ pozmayıb, Kreml “həyati maraqlarından çıxış edib”. Görünür, Çin lideri ona da işarə edib ki, Ukrayna Kremlin tələbi ilə NATO və Avropa İttifaqı üzvülüyndən imtina etməliydi”.
Təhlildə qeyd olunur ki, Çin başçısının 12 maddəlik təkliflərində Rusiya ordusunun Ukrayna ərazisini tərk etməsinin vacibliyi göstərilməyib:
“Təklifllərin ümumi mahiyyəti budur ki, tərəflər arasında atəşkəs elan olunsun. Qarabağ nümunəsində atəşkəsin nəyə səbəb olduğunu bilirik, bu işğalın rəsmiləşdirilməsinə şərait yaradır. Rusiya-Ukrayna müharibəsində atəşkəs elan olunarsa, İkinci Qarabağ Müharibəsindən əvvəlki dövrdə - Azərbaycanla Ermənistan arasında aparılan danışıqlarda olduğu kimi Rusiyanın işğalçı qoşunları Ukrayna ərazisini tərk etməyəcək və uzun onilliklər Kiyevlə Moskva arasında nəticəsi olmayan danışıqlar davam edəcək. Bu isə Rusiyanın maraqlarına uyğundur”.