29 May 2023 08:59
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri, respublikaçı Kevin Makkarti defoltun qarşısını almaq üçün Ağ Evlə prinsipial razılaşma əldə esildiyini bildirib.

“Mən indicə prezidentlə telefonla danışdım. O, vaxt itirdikdən və aylarla danışıqlardan imtina etdikdən sonra biz Amerika xalqına layiq olan prinsipial razılığa gəldik”, - konqresmen “Twitter”də yazıb.

Makkarti jurnalistlərə bildirib ki, borc tavanı sazişinin mətni tezliklə dərc olunacaq və mayın 31-i çərşənbə günü Nümayəndələr Palatasında sənəd üzrə səsvermə keçiriləcək.

“Bizim hələ çox işimiz var”, - spiker qeyd edib.

Sənədə ənənəvi xərclərin azaldılması, yoxsulluqla mübarizə islahatları daxildir.

Bir müddət sonra Bayden də milli borcla bağlı razılaşmanı təsdiqləyib.

“Bu, işləyən vətəndaşlar üçün kritik proqramları qorumaq və hamı üçün iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, xərclərin azaldılması istiqamətində mühüm addımdır... Razılaşma kompromisdir, bu o deməkdir ki, heç də hər kəs istədiyini almır”, - o, Twitter-də yazıb.

Prezident sazişi “Amerika xalqı üçün yaxşı xəbər” adlandırıb, çünki o, “fəlakətli defolt”, iqtisadiyyatda tənəzzül, pensiya hesablarının boşaldılması və milyonlarla iş yerinin itirilməsinin qarşısını alır.

Qeyd edək ki, Birləşmiş Ştatların dövlət borcu 31,4 trilyon dollar həddinə çatıb ki, bu da defoltu qaçılmaz edirdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər