The Guardian: Qərb Rusiyanın “Club-K raketlərini satışa çıxaracağından narahatdır
Böyük Britaniyanın “The Guardian” qəzetində dərc edilmiş məqalədə ABŞ və Rusiyanın hazırda yeni «nüvə yarışı” təhlil edilib.
Teleqraf.com həmin məqaləni təqdim edir:
Moskva ilə Vaşinqton arasında qanadlı raketlər səbəbindən yaranan narazılıq hərbi silahlar üzərində nəzarət erasının sona çatmasına və yeni nüvə rəqabətinin başlanılmasına gətirə bilər.
Rusiyanın qanadlı raketləri hazırlaması ilə bağlı cavab tədbirləri həyata keçirəcəyini iddia edən ABŞ, rəsmi Moskvanın bu addımla “soyuq müharibə” dövründən qalma silahlara nəzarət haqqında əsas sənədlərdən birinin şərtlərini pozduğunu iddia edir. Bunun nəticəsində ABŞ 23 illik fasilədən sonra qanadlı raketləri Avropaya qaytara bilər.
Milad bayramının etrəsi günü Vaşinqtondan havaya qalxan ilk iki dirijabl tipli hava şarı həyəcan siqnalı kimi qiymətləndirilib. JLENS sistemi kimi tanınan aparat uçan qanadlı raketlərin aşkarlanmasını təmin edir.
Aparatın havaya qalxması Şimali Amerikanın müdafiə komandanı Çarlz Ceykobinin etirafından 9 ay sonra baş verib. Ceykobi verdiyi açıqlamada Pentaqonun mühüm problemlə üzləşdiyini və Rusiyanın sualtı qayıqlarında saxlanılan qanadlı raketlərin təhlükə törətdiyini deyib. Onun fikrincə, bu sualtı qayıqlar nüvə başlıqları daşıya bilən qanadlı raketlərlə təchiz olunub.
Gərginlik silahların yayılmasının məhdudlaşdırılması üzrə danışıqlar prosesinin gecikdirilməsi ilə daha da artıb. Əslində ötən il ABŞ və Rusiyada nüvə başlıqlarının istehsalında artım müşahidə olunub. Hər iki ölkə silahlarının modernləşdirilməsinə hər il milyardlarla dollar sərf edir.
Rusiyanın iqtisadi vəziyyətinin pisləşməsi və Ukraynada müharibə Vladimir Putini Rusiyanın dünyada nüfuzunu saxlamaq üçün nüvə silahına daha çox diqqət yetirməyə vadar edir. Ötən yay Ukraynada baş verən hadisələrə həsr olunmuş nitqində Putin Rusiyanın nüvə arsenalı barədə danışıb və əlavə edib ki, digər ölkələr onlara baş qoşmamalıdırlar.
Rusiya mətbuatı prezidentin davakar ritorikası ilə bağlı “Rusiya NATO üçün nüvə sürprizi hazırlayır” başlıqlı məqalə dərc edib. Yazıda əsasən Rusiyanın Qərb qarşı nüvə silahı taktikası yer alıb.
“Amerikalılar bunu yaxşı bilir” adlı digər məqalədə isə deyilir: “Onlar elə bilirdilər ki, Rusiya daha heç vaxt yüksəlməyəcək. İndi artıq gecdir”.
Qısa müddətdə bu bəyanatların bəzilərinin isə boş sözlər olduğu ortaya çıxıb. Dekabrın 25-də yeni variantda dərc olunmuş Rusiya hərbi doktrinasının nüvə silahları ilə bağlı müddəalarında 4 il əvvəlki ilə müqayisədə heç bir dəyişiklik olmadı. Sənədə əsasən, belə silahlar dövlətin varlığını təhlükə altına qoyan hücumlar zamanı istifadə edilə bilər.
Bununla belə nüvə arsenalının həcminə görə ABŞ-dan geri qalmamaq üçün Rusiya nüvə silahının təkmilləşdirilməsini davam etdirir. Modernləşmə yenilənmiş təminat sistemini əhatə edəcək.
Ötən ay Rusiya dəmiryolları komplekslərini qaytarmaq niyyətini elan edib ki, bununla da ölkə üzrə dəmir yolu vasitəsilə qitələrarası ballistik raketləri köçürmək mümkün olacaq. Bu addım ballistik raketlərin məhvini çətinləşdirməyi nəzərdə tutub.
Qərb isə bu müddətdə Rusiyanın başqa ölkələrə “Club-K” qanadlı raketlərini sata biləcəyindən narahatlığını ifadə edib. Onlar düşünürlər ki, görünməz halda dəniz konteynerində yerləşdirilə bilən raket kompleksi lazimi anda istifadə ediləcək.
Amma bu məsələdən ən çox narahatlıq keçirən Vaşinqtondur. Ağ Evdə hesab edirlər ki, Rusiya 1987-ci ildə imzalanmış orta və kiçikmənzilli raketlərin ləğvi haqqında müqaviləni pozur.
Rusiya isə bunu təkzib edərək, ABŞ-a qarşı oxşar ittiham irəli sürür.
Amerika Alimlər Federasiyası rəsmisi Hans Kristencen isə hesab edir ki, Rusiya və ABŞ-ın nüvə arsenallarını gücləndirilməsi iki ölkə arasında fəal hərbi rəqabətə gətirib çıxaracaq.
Samir