Türkiyə ilə İsrail arasında son vaxtlar atılan normallaşma addımlarına yenilərinin əlavə edilməsi gündəmdədir. Bu çərçivədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsrail Baş naziri Binyamin Netanyahunun yaxın vaxtlarda görüşəcəyi iddia edilir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
Agentliyin mövzuya yaxın mənbələrə əsaslanan xəbərinə görə, liderlər gələn ay üzbəüz görüşəcək, uzaqməsafəli Türkiyə-İsrail əlaqələrini yaxşılaşdırmaq üçün bəzi addımlar atacaqlar. Xəbərdə liderlərin təqvimi imkan verərsə, Ərdoğan-Netanyahu görüşünün iyulda Ankarada baş tutacağı bildirilib.
Digər tərəfdən, iki lider arasında keçirilən görüşdə Qəzzadan mayeləşdirilmiş təbii qazın (LNG) Türkiyə üzərindən Avropaya daşınması üçün danışıqların aparıla biləcəyi təklif edilib. Amma hazırda bölgədə nə qədər qazın tapıldığı məlum deyil. Həmçinin İsraildə nə LNG ixrac terminalı, nə də Türkiyəyə qaz nəqli üçün boru xətti var. Milyardlarla dollara başa gələcək bu layihələrin tikinti mərhələsinin illər çəkə biləcəyi deyilir.
Mənbələrə görə, Türkiyə ilə İsrail arasında mümkün təbii qaz razılaşması münasibətlərin bərpasına kömək edə bilər. Çünki İsrail hökuməti bazar günü bəyanat verərək, Qəzzada qaz yatağının işlənməsinə icazə verəcəyini açıqlamışdı.