“Qarayaxma kampaniyasına görə Gürcüstan cəmiyyətindən üzr istəməyin vaxtı çatıb”.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili avropalı parlamentarilərə müraciətində deyib.
“Bizə bəzi məsləhətlər verməkdənsə, dezinformasiya kampaniyasında iştirak etdiklərinə, xüsusən də Saakaşvilinin guya hökumət tərəfindən zəhərlənməsinə və ölmək üzrə olduğuna görə dövlətimizdən, ölkəmizdən və cəmiyyətimizdən üzr istəsinlər”, - baş nazir bildirib.
Onun sözlərinə görə, bu məsələni bağlamağın vaxtı çatıb.
Eyni zamanda Qaribaşvili NATO-nun Vilnüs sammitində ölkəsinin Ukraynadan fərqli olaraq heç nə əldə etməməsi ilə bağlı iddiaları təkzib edib:
“Həddindən artıq gözləntilər yaratmamaq və tədricən NATO və Avropa İttifaqına yaxınlaşmaq və lazımi anda bu təşkilatlara üzv olmaq kimi milli hədəfimizə doğru ardıcıl şəkildə irəliləmək üçün strateji səbir siyasəti seçmişik”.