“Mən heç vaxt Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanda Yunanıstana və yunan xalqına qarşı pis münasibət bəsləyən bir insan görməmişəm”.
Teleqraf.com xəbər verir ki, bunu Albaniya Baş naziri Edi Rama yunan telekanallarına müsahibəsində deyib.
“Prezident Ərdoğanla strateji tərəfdaşlıq anlaşmamız var, amma düşünmürəm ki, biz Prezident Ərdoğan və ya Kiryakos Mitsotakis, Yunanıstan və Türkiyə arasında seçim etməliyik. Biz hər ikisini sevirik”, - baş nazir bildirib.
Rama Albaniya və Yunanıstan arasında dəniz sərhədi məsələsinə də toxunub:
“Prezident Ərdoğan heç vaxt bu mövzuda nə olduğunu soruşmadı. Heç vaxt. Heç vaxt. Mübarizələrini davam etdirmək üçün Albaniya ona lazım deyil”.
Albaniya baş naziri Türkiyə liderinin yunan əleyhdarı olmadığını vurğulayıb:
“İnanıram ki, siz bunu çox yaxşı bilirsiniz: Prezident Ərdoğan hələ baş nazir olanda da Kipr məsələsində razılığa gəlməyə cəsarət edən bir şəxsdir. Yadınızdadır, bu onun Ankaradakı karyerası üçün çox təhlükəli bir şey idi və o bunu etdi”.
Rama əlavə edib:
“Yunanıstanın üzləşdiyi ağır böhran zamanı bu vəziyyətdən istifadə edib durumu daha da gərginləşdirdiyini görmədim. Çünki Yunanıstanı yerlə bir etmək istəsəydi və ya belə bir niyyəti olsaydı, vəziyyətdən və qaçqınlardan istifadə edərək böhranı daha ağrılı bir şeyə çevirə bilərdi, amma etmədi. Doğrudan da, mən onda heç vaxt Yunanıstana və yunan xalqına qarşı pis münasibət bəsləyən bir insan görməmişəm”.