“Rusiya lideri Krımı itirməkdən çox qorxur, çünki bu baş versə, onun üçün nəticləri ağır olacaq”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol deyib.
“Putin və onun cəsarəti haqda söyləmək istədiyim bir neçə vacib şey var. Qərbdə belə bir fərziyyə var ki, Putin köşəyə sıxışdırıla bilməyən maçodur. Bəziləri də deyirlər ki, müharibəni bitirmək üçün ona Ukrayna torpağı lazımdır. Bununla qətiyyən razı deyiləm. Putin insanların düşündüyü qədər çarəsiz deyil. Onun təzyiqə məruz qalarkən, vəziyyəti daha da gərginləşdirmək əvəzinə geri çəkilməsinə dair ağlıma bir neçə misal gəlir”, - diplomat bildirib.
Makfol “Vaqner” qruplaşmasının qiyamı zamanı Putinin davranışını xatırladıb: “Rusiya prezidenti əvvəlcə qiyamçıları məhv etmək çağırışı ilə televiziyada sərt danışdı, dörd saatdan sonra “Vaqner” rəhbəri Yevgeni Priqojinlə danışıqlar apardı”.
Makfol 2015-ci ildə Türkiyə və Rusiya arasında yaşanan təyyarə böhranına da diqqət çəkib:
“Bir neçə il əvvəl Türkiyə prezidenti Putinə təyyarələrinin Suriyadan ölkəsinə uçmasını dayandırması ilə bağlı xəbərdarlıq edəndə Ərdoğanla da eyni formada davranmışdı. Axırda (Ərdoğan) bundan bezdi və təyyarələrdən birini vurdu. Putin o zaman çox söz dedi, amma nəticədə heç nə etmədi. Bu yaxınlarda BRİKS-sin Cənubi Afrikada sammiti keçirildi. Putinin öz yerinə Lavrovu ora göndərməsi, özünün isə onlayn çıxış etməsi onun Beynəlxalq Cinayətlər Məhkəməsindən qorxduğuna sübutdur”.
Keçmiş səfirin sözlərinə görə, bütün bunlar onu cəsur bir insan kimi yox, Qərbdən çəkinən qorxaq biri kimi göstərir. Makfol vurğulayıb ki, Ukrayna da Putindən qorxmamalıdır, cəsarətlə ona meydan oxumalıdır, nəhayət, onu öz ərazisindən qovmalıdır.
“Putin ən çox Krımı itirməkdən qorxur, müharibənin Krıma keçməsindən qorxur. Onun ən çox qorxduğu budur, çünki bu, Rusiyada müharibəsinin legitimliyinə xələl gətirəcək. Digər şeylərlə yanaşı, Krımın tutulması onun rejimi üçün ağır nəticələrə səbəb olacaq”, - amerikalı diplomat əlavə edib.