Nobel Fondu bu il Stokholmda keçiriləcək mükafatlandırma mərasimində iştirak üçün Rusiya, Belarus və İranın səfirlərinə göndərilən dəvətnamələri ləğv edib.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
“Biz bütün ölkələrin səfirlərini təqdimata dəvət etmək barədə qərarımızı tamamilə kölgədə qoyan İsveçin kəskin reaksiyasını nəzərə aldıq. Buna görə də Stokholmda Nobel mükafatının təqdimat mərasiminə Rusiya, Belarus və İranın səfirlərini dəvət etməmək qərarına gəldik”, - deyə Fondun saytında dərc edilmiş bəyanatda deyilir.
Sentyabrın 1-də Nobel Fondu məlumat vermişdi ki, Rusiya və Belarus səfirləri Stokholmda keçiriləcək təqdimat mərasimində iştirak edəcək, baxmayaraq ki, ötən il iki ölkənin nümayəndələrini Ukraynadakı müharibə səbəbindən dəvət etməmək qərara alınıb. Fondun bəyanatında Rusiya və Belarus birbaşa qeyd edilməyib. Məlumatda deyilirdi ki, “İsveç və Norveçdə diplomatik şəkildə təmsil olunan bütün ölkələrin səfirləri” dəvət olunublar. “Reuters” agentliyinin məlumatına görə, bu bəyanat Rusiya Federasiyası və Belarus nümayəndələrinin bu cür tədbirlərdə yenidən iştirak edə biləcəkləri mənasını verirdi.
Hər il oktyabrın əvvəllərində Stokholm (İsveç) və Osloda (Norveç) Nobel həftəsi keçirilir, bu müddət ərzində fizika, kimya, fiziologiya və tibb, ədəbiyyat, sülh mükafatı üzrə Nobel laureatları, eləcə də, Alfred Nobelin xatirəsinə həsr olunmuş iqtisad üzrə İsveç Dövlət Bankının mükafatının laureatları elan olunur. 1895-ci ildə o vəsiyyət tərtib edib, sənədə əsasən, kapitalından əldə olunan gəlir hər il beş bərabər hissəyə bölünməli və mükafat şəklində paylanmalıdır. Bu mükafatlar 1901-ci ildən bəri verilir. Bu il Nobel həftəsi sentyabrın 2-dən 9-na qədər keçiriləcək.