Türkiyə ilə Ermənistan arasında münasibətlərin nizamlanması, o cümlədən sərhədlərin açılması tamamilə rəsmi İrəvanın atacağı addımlardan asılıdır.
Teleqraf.com xəbər verir ki, bu barədə RİA Novosti ilə söhbətində Türkiyə prezidentinin aparatındakı mənbə bildirib.
“Münasibətlərimizin normallaşmasına gəlincə, İrəvanın konstruktiv, səmimi və sülhsevər yanaşmasını görəndə növbəti addımlardan danışmaq mümkün olacaq. Biz danışıqları davam etdirməyə hazırıq”, - rəsmi mənbə bildirib.
Agentliyin həmsöhbəti qeyd edib ki, regionda yeni vəziyyət yaranıb, əməkdaşlıq üçün geniş imkanlar var:
“Bu cür yanaşma ilə, düşünürəm ki, sərhəd məsələsinə qədər proseslərdə konkret dəyişikliklərin şahidi olacağıq”.
Ötən gün “Hürriyyət” qəzeti öz mənbələrinə istinadla yazıb ki, Ermənistan Türkiyəyə üçüncü ölkə vətəndaşları üçün sərhədləri açmağı təklif edib, Ankara bu təklifin əleyhinə deyil.