İordaniyanın “Əl-Ghad” qəzetində ivrit dilində “İsraildən sonra nə baş verəcək?” adlı məqalə dərc olunub.
Teleqraf.com xəbər verir ki, məqalə yəhudi dövlətinə qarşı nifrət və ittiham dilində qələmə alınıb.
Qeyri-doğma, lakin başa düşülən ivrit dilində yazılmış və ardınca ərəbcə tərcüməsi olan məqalədə deyilir:
“Bütün dünya Qəzzada HƏMAS-dan sonra nə olacağını müzakirə etməklə məşğuldur. Amma heç kim qarşı tərəfə baxıb soruşmur ki, İsraildən sonra nə baş verəcək?”.
Ərəb müəllif İsrailin daxili siyasi, iqtisadi, sosial və hərbi problemlərinin təzyiqi altında çökəcəyini proqnozlaşdırır.
Məqalədə İsrailə beynəlxalq dəstəyin zəiflədiyi və Qəzzada HƏMAS-ın qələbəsinin qaçılmaz olduğu iddia edilir. İordaniya nəşri daha sonra “karton ev” adlandırdığı İsrailin dağılmasının ABŞ-ın Yaxın Şərqdəki varlığının sonunu gətirəcəyini və bunun yeni dünya nizamının yüksəlişindən xəbər verəcəyini yazır.