Türk diplomat Osman Kösenin qətlinin iştirakçılarından biri olduğu təsbit edilən PKK terrorçusu Cəmil Akar İraqın şimalında keçirilən əməliyyatla zərərsizləşdirilib.
Teleqraf.com xəbər verir ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və Silahlı Qüvvələrin bölgədə keçirdiyi hava əməliyyatında terrorçuların hədəfləri uğurla vurulub, çoxlu sayda terrorçu məhv edilib.
Zərərsizləşdirilən terrorçular arasında Kösenin şəhid olduğu qanlı aktın iştirakçılarından Akarın da olduğu müəyyən olunub.
Terrorçunun 2014-cü ilin sonunda qanunsuz yolla Türkiyədən Suriyaya keçdiyi, PKK/KCK terror təşkilatına qatıldığı, bundan sonra fəaliyyətini İraqın Mahmur şəhərində davam etdirdiyi üzə çıxıb.
MİT bundan əvvəl İraqın Süleymaniyyə şəhərində keçirdiyi əməliyyatla diplomatın qətlinin təşəbbüskarı olan “Həsən” ləqəbli terrorçu Cəlal Kayanı da zərərsizləşdirmişdi.
Osman Köse 2019-cu il iyulun 17-də işlədiyi Ərbil şəhərində restoranda qətlə yetirilib.