Rusiya Moldovada qeyri-sabit vəziyyət yaratmaq üçün Dnestryanı bölgədən istifadə etməyə çalışır. Kreml regionda eskalasiyasını əsaslandırmaq üçün informasiya zəmini hazırlayır.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Ötən ilin sonunda Moldova hakimiyyəti Rusiya sülhməramlılarını çoxsaylı pozuntularda ittiham edib. Yanvarın 18-də keçirilən iclasda ATƏT-in Birgə Nəzarət Komissiyasındakı Moldova nümayəndə heyəti Rusiya hərbçiləri ilə bağlı araşdırmanın aparılması tələbini irəli sürüb. Sülhməramlılar dekabrda Moldovanın işğal altındakı bölgəsində atıcı silahlar və PUA-ların iştirakı ilə təlim keçirib. Kişinyov bəyan edib ki, bu silahların Rusiya sülhməramlılarının nəzarətindəki zonada olması və istifadəsi protokolları pozur.
Rusiya mənbələri Moldovanın sülhməramlıların çıxarılması ilə bağlı artan çağırışlarına və Dnestryanıdakı separatçı rejimə sərtləşən təzyiqlərinə diqqət çəkirlər. Mərkəzi hakimiyyət qeyri-müəyyən müddətə Dnestryanıdakı biznes sektorlarına təxminən 16 milyon dollar məbləğində ikiqat tariflər tətbiq edib. Bunun separatçı bölgədə yaşayış xərclərinin artmasına səbəb olacağı bildirilir.
Rusiya mənbələri bu və digər addımların Kişinyovun Dnestryanını yenidən Moldova birləşdirmək cəhdi olduğunu iddia edir. ISW-yə görə, bölgədə yeni toqquşmaya zəmin yaradan Rusiyadır.
ABŞ institutu qeyd edir ki, Rusiyadan hərbi mənbələrindən verilən mesajlar və ittiham aktları NATO üzvü Rumıniya ilə həmsərhəd olan Moldovada sabitliyi pozmaq və Kremlin regionda gələcək eskalasiyasına haqq qazandırmaq məqsədi daşıyan informasiya əməliyyatının bir hissəsidir.