Analitiklərə görə, Şimali Koreyanın son bəyanatları hər an müharibənin başlaya biləcəyinə işarədir. Şimali Koreya lideri Kim Çen In son zamanlar diqqəti cəlb edən bir sıra təxribatçı addımlar atıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Əl-Cəzirə” yazır.
Analitiklərin fikrincə, Cənubi Koreya ilə sülh yolu ilə birləşmənin artıq mümkün olmadığını elan etmək müharibə üçün mühüm addımdır. Bu həmlə Şimal və Cənubun birləşməsini müdafiə edən onilliklər boyu davam edən siyasətdə görünməmiş fasilə kimi qiymətləndirilir.
Keçən həftə parlamentindəki çıxışında Kim Çen In Cənubi Koreyanı “əsas düşmən və dəyişməz əzəli düşmən” kimi təyin edilməsi üçün konstitusiyaya düzəliş edilməli olduğunu və iki ölkə arasında barışığı təşviq etmək vəzifəsi daşıyan üç qurumun bağlanacağını açıqlayıb.
Kim bir neçə həftə əvvəl Koreya Fəhlə Partiyasının iclasında demişdi ki, sülh yolu ilə birləşmə mümkün deyil, çünki qonşular iki düşmən ölkəyə çevriliblər və hər an müharibə başlaya bilər.
Bəzi müşahidəçilər Kimin son həmlələrinin Pxenyanın adi bəyanatlarından fərqləndiyini iddia edirlər.
Kimin birləşmə ilə bağlı çıxışından əvvəl ABŞ-nin “38 North” saytında dərc olunan analizdə yarımadadakı durumun 1950-53-cü illərdəki Koreya Müharibəsindən bəri ən təhlükəli nöqtəyə çatması barədə xəbərdarlıq edilib. Onlar Kimin müharibəyə getmək üçün strateji qərar verdiyini deyirlər.
“Kimin tətiyi nə vaxt və necə çəkməyi planlaşdırdığını bilmirik, amma təhlükə artıq Pxenyanın Vaşinqton, Seul və Tokiodakı “təxribatlar”la bağlı adi xəbərdarlıqlardan çox uzaqdır”, - analizdə bildirilir.