28 Mart 12:48
1 994
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Moskva vilayətində “Crocus City Hall” konsert zalında törədilən terror aktının Mərkəzi Asiyadan olan miqrantlarla əlaqələndirilməsindən sonra Qırğızıstan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını mümkün olduğu qədər Rusiyaya səfərlərini təxirə salmağa çağırıb.

Teleqraf.com xəbər verir ki, nazirlik vətəndaşlara Rusiyaya səfər edərkən bütün lazımi sənədləri yanlarında daşımağı da tövsiyə edib.

Özbəkistan hökuməti də Rusiyada olan və ya bu ölkəyə səyahət etməyi planlaşdıran bütün vətəndaşlarına oxşar çağırışı edib.

ABŞ-nin “Azadlıq” radiosu Türkmənistanın paytaxtı Aşqabaddan Moskvaya uçmaq istəyən bir çox sərnişinin təyyarəyə minməsinə icazə verilmədiyini bildirib. Məlumata görə, ölkənin miqrasiya və hüquq-mühafizə orqanları onlara bunun Moskvada baş vermiş son terror aktı ilə bağlı olduğunu deyiblər.

ABŞ radiosu qeyd edir ki, terror aktından sonra Rusiyada xüsusən də Mərkəzi Asiyanın müsəlman ölkələrindən olan insanalara qarşı anti-miqrant əhval-ruhiyyəsi yenidən güclənib. Altısı Tacikistan, biri Qırğızıstandan olmaqla 7 şübhəli həbs edilib.

Hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb. Rusiya məsələni Ukrayna ilə əlaqələndirir, Kiyev ittihamları rədd edir.


Müəllif: Mənsur Rəğbətoğlu