6 Aprel 15:37
1 652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Osetiya və Abxaziyadakı qondarma qurumlar Cənubi Qafqazda təhlükəsizlik üzrə Cenevrə müzakirələrində Gürcüstanın hərbi təlim fəaliyyətinin artırılması və NATO-ya inteqrasiyanın intensivləşməsindən narahat olduqlarını açıqlayıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə Cənubi Osetiyadakı qondarma qurumun “Xarici İşlər Nazirliyi” məlumat yayıb.

“Cənubi Osetiya, Abxaziya və Rusiya nümayəndələri NATO-nun Gürcüstan ərazisində mövcudluğu, hərbi təlimlərin artırılması və Gürcüstanın Şimali Atlantika Alyansına inteqrasiyası üçün tədbirlərin intensivləşdirilməsi ilə bağlı narahatlıqlarını ifadə ediblər”, - məlumatda deyilir.

Qondarma qurum Cənubi Osetiya-Gürcüstan “dövlət sərhədi xətti”nin işarələnməsi və bu “xətdə” müvafiq mühəndis strukturlarının quraşdırılmasının davam etdirilməsinin zəruriliyini vurğulayıb. Həmçinin separatçı rejim Gürcüstanı “dövlət sərhədinin delimitasiya və demarkasiyası” üzrə birgə işləməyə çağırdı.

Aprelin 4-5-də Cenevrədə Cənubi Qafqazda təhlükəsizliyə dair beynəlxalq müzakirələrin növbəti raundu keçirilib. İclasda Cənubi Osetiya, Abxaziya, Gürcüstan, Rusiya, ABŞ-nin nümayəndə heyətləri, həmçinin Avropa Birliyi (AB), BMT və ATƏT nümayəndələri iştirak ediblər.

2008-ci ildən Cenevrədə BMT, AB və ATƏT-in xüsusi nümayəndələrinin vasitəçiliyi ilə Abxaziya, Gürcüstan, Rusiya, ABŞ və Cənubi Osetiyanın iştirakı ilə Cənubi Qafqazda təhlükəsizlik və sabitliyə dair beynəlxalq müzakirələr keçirilir. Proses ənənəvi olaraq iki işçi qrup çərçivəsində təhlükəsizlik və humanitar məsələlər üzrə aparılır. Cenevrə separatçı qurumlar və Tiflis arasında yeganə dialoq platformasıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər