İsveç Silahlı Qüvvələri təlimlər zamanı Rusiyanın hücumun qarşısının alınması ssenarisini məşq edirlər.
Teleqraf.com xəbər verir ki, bunu İsveç ordusunun polkovnik-leytenantı Yoahim Pasikivi deyib.
Onun sözlərinə görə, Ukraynada müharibə başlamazdan əvvəl “Boqoland” kimi adı olan xəyali ölkənin hücumu üzrə ssenari hazırlanıb.
“İndi İsveç Silahlı Qüvvələrində uydurma bir xalq haqda yox, birbaşa real Rusiya və onun imkanları barədə danışırıq. NATO hələ də təlimlər zamanı xəyali ölkə adlarından istifadə edir, amma bunlar coğrafi baxımdan Rusiyaya çox bənzəyirlər”, - Pasiviki vurğulayıb.
Polkovnik bildirib ki, İsveç Rusiyadan gələn təhlükəni təkcə coğrafi mövqeyinə görə yox, həm də Vladimir Putin dövründə Rusiyanın ambisiyalarına görə digər Avropa ölkələrindən daha ciddi qəbul edir:
“Kreml “ənənəvi rus torpaqları” haqda danışır. Finlandiya 1809-1917-ci illər arasında Rusiyanın tərkibində olub. Baltikyanı ölkələr İkinci Dünya Müharibəsindən sonra işğal edilib. Estoniya, Latviya və Litvada kifayət qədər böyük rusdilli azlıqlar var. Etiraf edək ki, bəzilərinin şübhəli sədaqəti də var. Bu da problemdir. Ruslara görə, onlar heç vaxt fəth və işğal etmirlər, “mehribanlıqla” qayıdırlar və idarə edirlər”.
Onun fikrincə, Finlandiya Rusiyanın mümkün təcavüzünə az-çox hazırdır, bu ölkə heç vaxt ordusunu dağıtmayıb və yaxşı təhlükəsizlik sistemi var.
Pasikivi Baltikyanı ölkələrin də Rusiyanın hədəfində olduqlarını vurğulayıb.
Polkovnik əlavə edib ki, İsveç beş ildən sonra hazır olmasa, çox gec olacaq:
“Beş ildən sonra hazır olmasaq, mütləq gecikəcəyik. Üç ilə hazır olmasaq da, gecikəcəyik. Arxada oturub ümid edə bilmərik ki, Rusiyanın özünə gəlmək üçün zamana ehtiyacı olacaq. Həmçinin Rusiya Qərbi zəif hesab edərsə, böyük risklərə gedəcək”.