Aprelin 1-də İranın Suriyadakı konsulluğuna hücumda çox sayda iranlı hərbçi və diplomat həyatını itirmişdi.
Teleqraf.com xəbər verir ki, hücumdan sonra “qisas andı” içən molla rejimi İsrailin lazımi cavabı alacağını iddia edir.
ABŞ-nin “CNN İnternational” kanalı Tehranın əksini düşünür. Kanalın məlumatına görə, İsrailə birbaşa hücumun çətinliyini anlayan İran bunun əvəzinə proksi qüvvələr və ya terror təşkilatlarından istifadə edəcək.
ABŞ-nin kəşfiyyat mənbələrinə istinad edən CNN qeyd edib:
“Tehran vəziyyəti ciddi şəkildə gərginləşdirmək istəmir, çünki ABŞ və ya İsrailin hücuma mümkün reaksiyasından narahatdır. ABŞ kəşfiyyat mənbələri deyirlər ki, İran yaxın günlərdə proksi qüvvələrdən istifadə edərək İsrailə raket hücumu həyata keçirə bilər”.
İsrail və ABŞ İranın mümkün hücumlarına cavab verəcəklərini açıqlayıb. ABŞ Prezidenti Co Bayden Tehrandan təhdid edilən İsraili müdafiə edəcəklərini bildirib.