Avropa Birliyi (AB) İsrail ordusunun İranın Suriyadakı konsulluğunu atəşə tutmasından sonra İranın İsrailə cavab hücumu barədə əvvəlcədən məlumatlı olub.
Teleqraf.com xəbər verir ki, bunu AB-nin xarici siyasət xidmətinin rəhbəri Jozef Borrel deyib.
“Bir neçə gün əvvəl (İranın cavab hücumu ilə bağlı) bizə xəbərdarlıq edilmişdi, - AB-nin baş diplomatı bildirib.
Borrel bu məlumatı dəqiq haradan aldıqlarını açıqlamayıb.
Onun iddiasına görə, AB-nin siyasi məqsədi Yaxın Şərqdə münaqişənin genişlənməsinin qarşısını almaqdır.
“Bu, hər kəsin öz fiqurlarını irəli apardığı şahmata bənzəyir”, - Borrel əlavə edib.
Avropalı diplomat həmçinin qeyd edib ki, Dəməşqdəki konsulluğa hücumdan sonra AB Tehrana regionda heç bir ölkənin münaqişənin genişləndirilməsində maraqlı olmadığını bildirib: “Çünki bu, müharibənin davam edəcəyi anlamına gələcək”.