4 İyun 13:33
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanda parlament seçkilərinin nəticələri bəlli olub. Ümumilikdə seçkidə 642 milyon seçici səs verib ki, bu, dünya rekordudur. Məsələn, bu nəticə Avropa İttifaqına üzv 27 ölkədə səs verənlərdən 2.5 dəfə çoxdur.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Hindistan Seçki Komissiyasına istinad edilən məqalədə qeyd edilir ki, səs verənlərin 312 milyonu qadın olub:

“Başqa bir rekord da qeydə alınıb. Seçki komissiyaları və təhlükəsizlik xidmətlərinin təşkilinə 15 milyon işçi cəlb edilib. Hindistanda seçki yeddi mərhələdə keçirilib. Hindistanda seçki hüququna malik vətəndaşların sayı təxminən 967 milyon nəfərdir. Bu ABŞ, Avropa İttifaqı və Rusiya əhalisinin cəmindən də çoxdur. Hindistanda səs vermək üçün 1 milyon seçki məntəqəsi fəaliyyət göstərib.

Baş nazir Narendra Modinin rəhbərlik etdiyi Hindistan Xalq Partiyasının (BJP) parlament seçkilərində qələbəsi əvvəlcədən proqnozlaşdırılırdı. İlkin məlumata görə, Modinin partiyası 543 yerlik parlamentdə 350-370 yer qazanıb. Bu, Hökuməti təkbaşına formalaşdırmaq üçün kifayətdir. Sosial şəbəkədə “Hindistan yenə qalib gəldi” mesajını verən Modi yenə rəqiblərini üstələməyə müvəffəq olub.

Hindistan Milli Konqresin simasında müxalifət bloku parlamentdə cəmi 125-154 yer qazana bilib. Bu, Modinin ölkədə reytinqinin yüksək olduğunu göstərir. Son parlament seçkisini Modi ilə bağlı referendum sayanlar da az deyil.

Narendra Modi üçüncü müddət ölkəyə başçılıq edəcək. Bu Hindistanın ilk baş naziri Cəvahirləl Nehrunun rekordunun təkrarıdır”.

“Atlas” Modinin seçki kampaniyası dövründə 200 mitinqdə iştirak etdiyini və 80-ə yaxın müsahibə verdiyini bildirir:

“Bu qələbə Modinin xarici və təhlükəsizlik siyasətində əlini gücləndirəcək, növbəti 5 ildə də Hindistanın iqtisadi gücünü artırmağa çalışacaq. Hindistanın yaxın illərdə dünyanın üçüncü ən böyük iqtisadi ölkəsi olacağı ehtimal edilir. Buna baxmayaraq, Modi hakimiyyətdə olduğu 10 ildə kifayət qədər iş yerləri aça bilməyib. Apreldə martla müqayisədə işsizlik artıb.

Modinin xarici siyasətində ciddi dəyişiklik gözlənilmir, Rusiya ilə ABŞ arasında balansı qorumağa çalışsa da, iqtisadi əməkdaşlıqda Qərb ölkələrinə üstünlük verir. Bu siyasət gələcək illərdə də davam edəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər