20 İyun 14:47
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin son aylarda xarici səfərlərinin sayını artırıb. Kreml sahibi ilk növbədə Ukrayna müharibəsində Rusiyaya dəstək verən dövlətlərə üstünlük verir, bu baxımdan, Çindən sonra Şimali Koreya və Vyetnama səfər edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Putin Şimali Koreyada sonuncu dəfə 24 il əvvəl olub:

“Putindən başqa keçmiş SSRİ liderlərindən heç kim, o cümlədən Rusiyanın ilk prezidenti Boris Yeltsin də Şimali Koreyaya səfər etməmişdi. Putin isə ikinci dəfə bu ölkədə oldu. Putindən başqa dünya liderlərindən təkcə Çin başçısı Si Cinpin 2019-cu ildə Pxenyana səfər edib.

ABŞ və Cənubi Koreya Putinin Şimali Koreyaya səfərindən narahat olub. Vaşinqton və Seul hesab edir ki, Rusiya hərbi texnologiyalarını Şimali Koreya ilə bölüşə bilər. Həqiqətən Rusiya ilə Şimali Koreya arasında iqtisadi əlaqələr aşağı səviyyədədir, 2021-ci ildə ticarət mübadiləsi cəmi 2 milyon dollar civarında olub. Düzdür, sonrakı iki ildə ticarət mübadiləsi artıb və 29 milyona çatıb, ancaq Rusiyanın Cənubi Koreya ilə ticarət həcmi ilə müqayisədə bu, çox kiçik rəqəmdir.

Rusiya ilə Cənubi Koreya arasında ticarətin həcmi 15 milyard dollardan çoxdur. Yəni bu rəqəmlərdən də görünür ki, Şimali Koreya Rusiyanın ticarət tərəfdaşı deyil. İki ölkə arasında əlaqələr siyasi dəstək müstəvisində qurulub. Pxenyan Ukraynaya qarşı müharibədə Rusiyaya dəstəyini ifadə edib. Vaşinqtonla Seulu əsas narahat edən məhz bu amildir. Bu iki dövlətin rəsmilərinin fikrincə, Rusiya Şimali Koreyaya sualtı gəmilər, ballistik raketlər üçün texnologiyalar ötürə bilər. Bu mümkündür. Rusiya ilə Koreya Xalq Demokratik Respublikası arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında saziş imzalanıb. Bu saziş tərəflərdən birinə qarşı təcavüz halında hərbi yardımın göstərilməsini nəzərdə tutur”.

Təhlildə vurğulanır ki. Pekin Kremlin tərəfdaşı olsa da, Rusiyanın Şimali Koreya ilə strateji tərəfdaşlığına ehtiyatla yanaşır:

“Röyter” Pekinin Qərbə qarşı Rusiya-Şimali Koreya ittifaqına qoşulmaq istəmədiyini yazır. Pekinin Pxenyana böyük təsir imkanları var və Çin bunu Rusiya ilə bölüşmək istəmir. Pekin Rusiyanın Vyetnamla tərəfdaşlığından da narahatdır. Çünki Şimali Koreya kimi Vyetnamın da Çinlə özəl münasibətləri var. Buna baxmayaraq, Vyetnam ətraf adalara nəzarət məsələsində Çinlə fikir ayrılığına malikdir. Pekində hesab edirlər ki, Rusiya Vyetnamla əlaqələri inkişaf etdirməklə bu ölkəni Çindən uzaqlaşdıra bilər.

Vyetnam son illərdə xarici siyasət və ticarətini şaxələndirməyə çalışır. Çindəki xarici müəssisələrin bir qismi alternativ olaraq Vyetnam və digər qonşu ölkələrə köçürlər. Digər yandan, ABŞ Çin məhsullarına gömrük rüsumlarını artırdığına görə Pekin özü də başqa bazarlara ixracını artırıb. Məsələn, Çinin Meksika və Tailanda ixracatı iki dəfədən çox artıb. Ancaq bütün hallarda, Pekin rəqibi ABŞ və ya tərəfdaşı Rusiyanın Çinin qonşularıyla sıx əlaqələrindən narahatlığını gizlətmir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər