Moldovanın maraqlarına xələl gətirən yeni addımlar atacaqları təqdirdə Rusiya diplomatları ölkədən çıxarılacaq.
Teleqraf.com xəbər verir ki, bunu Moldova xarici işlər naziri Mixay Popşoy deyib.
“Əgər Dnestr çayının şərq sahilində qondarma prezident seçkilərinin təşkili zamanı olduğu kimi, Rusiya Moldovanın milli maraqlarına zərər vurmaqda davam edərsə, bu, seçim olaraq qalır”, - nazir bildirib.
Popşoy etiraf edib ki, belə bir strategiya risklidir, çünki Rusiyanın müvafiq olaraq Moldova diplomatlarını ölkədən çıxarması Moskvadakı səfirliyin işini çətinləşdirə bilər.
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ona cavabında söyləyib ki, Moskva belə bir durumda adekvat tədbirlər görməyə hazırdır.
“Kişinyov yanlış nəticələr çıxarır. Görünür, bunlar münasibətlərimizdə gərginliyi artırmağa yönəlib. Cavaba gəlincə, bilirsiniz ki, bizim lazımi cavab vermədiyimiz bir hal olmayıb”, - rusiyalı diplomat qeyd edib.