Rusiyanın Ukraynanın şərqindəki hücumu yaxın aylar, hətta həftələrdə başa çatacaq. Amma ruslar hücum əməliyyatlarını daha aşağı sürətlə davam etdirə bilərlər.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.
Amerikalı analitiklərin fikrincə, 2023-cü ilin payızında başlayan hücum bölgədə Rusiyaya taktiki üstünlük qazandırıb, bəzi ərazilər ələ keçirilib. Amma qeyd edilir ki, hazırda rusların hərbi baxımından ciddi uğurlar əldə etmək ehtimalı azdır:
“Rusiya ordusunun intensiv hücumları qeyri-müəyyən müddətə davam etdirmək üçün kifayət qədər canlı və maddi resursları yoxdur. Rusiyanın Ukraynanın şərqindəki hazırkı hücum əməliyyatlarının yaxın aylar və ya həftələrdə başa çatması ehtimalı var”.
Analitiklərin sözlərinə görə, Rusiya qoşunları Donetsk vilayətinin Uqledar şəhərini ələ keçiriblər, bu, onlara daha sərfəli taktiki mövqe tutmağa imkan versə də, cəbhənin bu hissəsində əməliyyat vəziyyətini əsaslı şəkildə dəyişməyəcək.
“Çasiv Yarın tutulması və ya Ukrayna qüvvələrinin Oskil çayının şərq sahilindən çıxarılması kimi, hərbi baxımından önəmli məqsədlər güdən Rusiyanın hücum əməliyyatları ya dayanıb, ya da çox ləng və əhəmiyyətsiz uğurlara gətirib çıxarıb”, - analizdə vurğulanır.
ISW-yə görə,Rusiya ordusu Ukraynanın bütün ərazisində hücumu daha aşağı sürətlə davam etdirə bilər: “Ruslar ümid edirlər ki, intensiv hücum təzyiqi Ukraynaya təşəbbüsü ələ almaq üçün lazım olan canlı qüvvə və resursları toplamağa imkan verməyəcək”.