Almaniya NATO müttəfiqləri ilə birlikdə Rusiyanın mümkün hücumuna qarşı qoşunlarını Avropanın şərqinə köçürmək üçün sxem hazırlayır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Spiegel” Bundesverin məxfi sənədinə istinadla məlumat yayıb.
Sənəddə bildirilir ki, bu durumda 3-6 ay ərzində NATO-nun 800 minə qədər hərbçisi və 200 mindən çox müxtəlif texnikası Almaniya ərazisindən keçəcək.
Oberhauzen şəhərindən Berlin dairəvi yoluna qədər uzanan A2 avtomobil yolu qərbdən şərqə canlı qüvvə və silahların daşınması üçün istifadə olunacaq. Hazırda Bundesver, federal regionların rəhbərlikləri və hökumət plan - marşrutların təhlükəsizliyi üzərində işləyirlər və alternativləri nəzərdən keçirir.
Ən problemli nöqtə Maqdeburqun şimalında Elba üzərindən keçən Xoxenvarte körpüsüdür. Həmin nöqtədə təxribat və ya raket hücumu baş verərsə, A2 avtomobil yolu tamamilə iflic vəziyyətinə düşəcək.
Federal Mülki Müdafiə və Fəlakətlərə Yardım Xidmətinin prezidenti Ralf Tizler mümkün gəlişmə ilə bağlı deyir: "Bu ssenaridə hərbçilərin daşınması zamanı onlara qulluq edilməli və yerləşdirilməlidir, texnikalar da yanacaq və infrastruktura ehtiyac duyacaq".
"Spiegel"ə görə, Almaniyanın müdafiə planı bir neçə yüz səhifədən ibarətdir. Planın inkişaf etdirilməsi hələ ötən ilin martında Ukraynada genişmiqyaslı müharibə ilə əlaqədar başlayıb. Nəşr bunun hərbi hücumlara qarşı son 30 ildə hazırlanmış ilk genişmiqyaslı müdafiə planı olduğunu yazır.