"Müxalifət Qərbin dəstəyi ilə ölkədə çevriliş həyata keçirməyə çalışır"
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes bildirib.
Onun sözlərinə görə, radikal sağçılar ölkədə hakimiyyəti dəyişməyə cəhd edib və o qruplara ABŞ və onların müttəfiqləri kömək edir. O əlavə edib ki, hakimiyyət çevrilişi mütləq “məğlub edəcək”.
Qeyd edək ki, Venesuelada kütləvi etirazlar iyulun 28-də keçirilən prezident seçkilərinin nəticələrinin açıqlanmasından sonra başlayıb. Respublikanın ən yüksək siyasi postu uğrunda 10 nəfər mübarizə aparıb, Nikolas Maduro və sağ partiyaların namizədi Edmundo Qonzales əsas namizədlər hesab edilib.
Nəticədə hazırkı prezident Nikolas Maduro yenidən qalib gəlib. Ölkədəki müxalif partiyalar səsvermənin nəticələrini tanımaqdan imtina edib. Bundan başqa müxalif lideri Mariya Korina Maçado ölkə ordusunu hazırkı hakimiyyəti devirməyə çağırıb.