Ukraynanın cəsarətli Rusiya ərazisini işğal etmək planı Moskvanı təəccübləndirib. Kursk vilayətinin dərin arxa hissəsində ələ keçirilən yaşayış məntəqələrindən görüntüləri yayımlayan Ukrayna hərbçiləri inamla irəliləyirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Times” yazır.
Nəşrin iddiasına görə, Ukrayna qoşunları getdikcə ələ keçirdikləri yaşayış məntəqələrinin sayını artırırlar. Bununla belə, məqalədə qeyd olunur ki, əməliyyatın başlamasından bir həftədən çox vaxt keçsə də, Ukraynanın son məqsədlərinin nə olduğu bəlli deyil.
“The Times” hesab edir ki, yaxın günlərdə Ukrayna Prezidenti Vladimir Zelenski öz uğurlarını möhkəmlətmək və Rusiya ərazisinin tutulan hissəsini müdafiə etmək qərarına gələ bilər. Yaxud geri çəkilib başqa yerə hücuma başlamaları da mümkündür.
Mənbə bildirir ki, aylarla davam edən uğursuzluqdan sonra Rusiyanın mini işğalı ukraynalılara ruh yüksəkliyi verib: “Rusiya ilə sərhədi keçən Ukrayna əsgərlərinin videoları iki il yarım davam edən amansız müharibədən sonra əhval-ruhiyyəni artırıb”.
Britaniyalı analitik Metyu Savilin fikrincə, baş verənlər göstərir ki, ukraynalılar ehtiyatsız anında Rusiyanı yaxalaya bilərlər: “Bu, Avropa və ABŞ-yə o mesajdır ki, qalib gələ bilərik, bizi dəstəkləyin, əgər daha çox silahımız olsaydı, bu hücumlardan daha çoxunu edə bilərdik”.
Nəşr yazır ki, Rusiya ərazisinin işğalı Kiyevin mümkün danışıqlarda mövqeyini gücləndirir: “Ukrayna Rusiyanın işğal etdiyi Zaporoje atom elektrik stansiyası üçün sövdələşmə predmeti kimi Kursk AES-i ələ keçirməyə cəhd edə bilər”.
“Rusiya özünü böyük dövlət hesab edir. Amma böyük dövlətlər ərazi itirmir. Əgər ərazini itirirsənsə, sən böyük dövlət deyilsən”, - ukraynalı Mikola Beleskov deyib.
Həmçinin nəşr qeyd edir ki, Kurska hücum Ukraynaya baha başa gələ bilər, çünki Rusiya təcili qüvvə toplayır. Kiyevin elit qoşunları mühasirəyə alınsa, bu, qorxunc durum yaradacaq.
Ukrayna hərbçilərinin Kurskda səngərlər qazması ilə bağlı yoxlanılmamış xəbərlər fonunda bəzi hərbi analitiklər cəbhə xəttinin genişlənməsinin məntiqinə şübhə ilə yanaşırlar. Savilə görə, cəbhə xəttinin uzanması Ukraynanın xeyrinə deyil.
Ukraynanın müttəfiqləri həyəcanla Kurskdakı döyüşləri izləsələr də, Rusiya ordusu durmadan Pokrovsk istiqamətində (Donetsk) irəliləyir. Pokrovska təzyiqləri yumşaltmaq üçün baş komandan Aleksandr Sırski asimmetrik hücumla rus qoşunlarını yenidən yerləşməyə məcbur edə bilər.
“Ruslar Donbasda irəliləyir. Bu, ukraynalılar üçün çox müəmmalıdır. Amma son günlər hücumların sürətinin azaldığına dair kiçik əlamətlər var”, - Britaniya Müdafiə Nazirliyindəki mənbə deyib.
Nəşr yazır ki, Rusiya ərazisinə yüngül silahlanmış qüvvələrin hücum etdiyini nəzərə alsaq, Kreml sahibi Vladimir Putin bu işğalın qoşunları Donbasdan çıxarmaq üçün bir hiylə olduğunu düşünə bilər.
“Ukrayna heç bir halda Rusiya ilə (onun ərazisində) döyüşə girməməlidir, çünki uduzacaq. Ukraynalılar say üstünlüyünü kompensasiya etmək üçün daha yaxşı taktika və digər vasitələrdən istifadə etməlidir”, - məqalədə qeyd olunur.
Bununla belə, Beleskov Kurska hücumun Moskva xoşagəlməz durum yaratdığını vurğulayıb: “Ruslar heç nə olmayacağını düşünərək çox böyük səhvə yol verdilər. Hesablamaları səhv çıxdı. Putinin üzündəki xoşagəlməz sürprizi gördünüz. O, qətiyyən xoşbəxt deyil, qəzəblidir”.