Hindistan Baş naziri Narendra Modi Ukraynadan qayıdan kimi bu ölkənin müdafiə naziri Rajnat Sinq ABŞ-a səfər edib. Nazir səfərdən öncə iki ölkənin strateji maraqlarını müzakirə etmək və müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmək üçün Vaşinqtona getdiyini bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Məqalədə qeyd olunur ki, Sinq Vaşinqtonda amerikalı həmkarı Lloyd Ostinlə görüşdə müdafiə sahəsində əməkdaşlığın gücləndirməsi mövzularını müzakirə edib:
“Hər iki dövlət Hind-Sakit okean bölgəsində birgə hərbi əməkdaşlığın vacibliyini vurğulayıb. ABŞ və Hindistan reaktiv mühərriklər və PUA-ların birgə istehsalı barədə razılıq əldə edib. Bundan başqa, müdafiə nazirləri kosmosda birgə əməkdaşlığın mümkünlüyü barədə fikir mübadiləsi aparıblar.
İki ölkə arasında hərbi əməkdaşlığa baxmayaraq, Vaşinqton Dehlinin Rusiyadan hərbi texnika almasından narahatdır. Vaşinqton Hindistanın Rusiyadan S-400 raket komplekslərinin almasının əleyhinədir. Vaşinqton hesab edir ki, ABŞ-ın müttəfiqləri Rusiyadan hərbi texnika almamalıdır. Hindistan S-400-lə maraqlansa da, hələ bu sistemi əldə etməyib.
Dehli üçün xarici və təhlükəsizlik siyasətində balanslı mövqeyi davam etdirmək asan deyil. Bir ölkənin həm Rusiya, həm də ABŞ-dan hərbi texnika alması, ortaq layihələrin reallaşmasını çətinləşdirir. Eyni çətinliklə Türkiyə də üzləşib. Ankara Rusiyadan S-400 raket kompleksləri aldıqdan sonra Vaşinqton Türkiyəyə əvvəlcədən razılaşdırılan və pulunun bir hissəsi ödənilən F-35 hərbi təyyarələrini satmaqdan imtina etmişdi”.
Mərkəzin ekspertləri bildirirlər ki, Dehli də ABŞ-la ortaq hərbi layihələri həyata keçirməyə çalışır, amma S-400 Vaşinqton üçün qırmızı xətdir.