Ukraynanın Donetsk vilayətinin Uqledar şəhərinin qısa müddətdə itirilməsi təhlükəsi realdır. Şəhərdəki Ukrayna qüvvələrinin mühasirəyə düşməsi riski də istisna edilmir.
Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın “DeepState” analitik qrupunun təsisçisi Ruslan Mikula deyib.
“Mövcud resurslar, ehtiyatlar və vasitələrlə Uqledarı saxlamaq praktiki olaraq mümkün olmayacaq. Şəhər bir neçə gün və ya bir neçə həftəyə itirilə bilər”, - analitik vurğulayıb.
Mikula qeyd edib ki, şəhərdəki durumun ağırlığı Rusiya ordusunun cinahlardan güclü təzyiq və hücumları ilə əlaqədardır.
Onun fikrincə, Ukraynanın bu istiqamətdə rusları dayandırmaq imkanları yoxdur.
Ekspert əlavə edib ki, komandanlıq şəhərdən geri çəkilmək üçün vaxtında qərar verməsə, mühasirəyə düşmək təhlükəsi daha yaxın olacaq. Mikula söyləyib ki, hazırda belə bir komanda yoxdur: “Əksinə, əsgərlər mövqelərini bərpa etmək üçün döyüş əmrləri alırlar, bu da indiki şəraitdə qətiyyən mümkün deyil. Bunu edənlərin nə düşündüyünü bilmirəm”.
Mikula vurğulayıb ki, uzun müddətdir şəhərin müdafiəsi ilə məşğul olan 72-ci Mexanikləşdirilmiş Briqada tükənib. Şəhərə göndərilən əlavə qüvvə də effekt verməyib.
“İtkini şərtləndirən digər amilə gəlincə, Preçistivka ərazisindəki 58-ci Motoatıcı Briqadanın müdafiə xətti çöküb, bu səbəbdən bu yaşayış məntəqəsi və ətrafı itirilib”, - analitik bildirib.